Yaralı tut ağacı

Qarabağ döyüşçülərinə ithaf edirəm.

        Qarabağda   şiddətli döyüşlər gedirdi. Xüsusi hərbi xidmət görmüş  Novruzu cəbhə xəttinə göndərmişdilər. Hərbi hissəyə çatanda artıq axşam düşmüşdü. Hissə yamacın aşağısında yerləşirdi. Yol yorğunu olduğundan gəlişi barədə növbətçiyə məlumat verib yatmağı qərara  aldı. Səhərin gözü açılar-açılmaz güllə səslərinə yuxudan oyandı. Cəld geyinib silahını çiyninə krçirib sürünə-sürünə səngərə doğru irəlilədi. Özünü əsgər yoldaşlarına çatdırıb düşmənin mövqelərinə  atəş açmağa başladı. Bir saatdan çox davam edən  atışma ara verdi. Artıq gün çıxmışdı. Başı döyüşə qarışdığı üçün A White Mulberry Tree
ətrafa düz-əməlli fikir verməmişdi. İndi isə yaranmış sakitlikdən istifadə edib ətrafa göz gəzdirməyə başladı. Qəribədir, bu qədər ərazidə cəmi bircə ağac vardı. Kölgəsi  onun üstünə düşmüşdü. Arxa üstə çevrilərək başının üstündəki ağaca baxdı. Gözləri ağaca baxa-baxa donub qaldı. Bu ağac tut ağacı idi. Diqqətlə baxdı. Tut ağacının gövdəsi güllələrdən dərmə-deşik olmuşdu. Bədənindən elə bil cərəyan keçdi. Saysız-hesabsız güllə “yarasına” baxmayaraq ağac qurumamışdı.

* * *

     Novruz adından göründüyü kimi Novruz bayramı günü anadan olmuşdu. Ona görə də adını atası Məlik, Novruz qoymuşdu. Atası və anası bir neçə il evli olmalarına baxmayaraq övladları olmurdu. Bu səbəbdən də kənddə yaranmış söz-söhbətdən uzaq olmaq, həmçinin müalicə almaq məqsədilə Bakıya köçməyi qərara aldılar. İkisi də eyni fabrikdə işə düzəldilər. Bir neçə ay kirayədə yaşadıqdan sonra, ailə yataqxanasında onlara otaq verdilər. Hər şey öz qaydasında gedirdi.

   Şənbə günü idi, səhər yeməyini elə təzəcə yeyib çay içirdilər ki, qapı döyüldü. Qapını  özü açdı. Gələn adam bildirdi ki, bəs səni həmkarlar təşkilatının sədri təcili çağırır.

 İçəri gəlib yoldaşını çağırdı:

-Səlmi.

Yoldaşının adı Səlminaz olmağına baxmayaraq uşaqlıqda olduğu kimi yenə də Səlmi deyə çağırırdı. Cavab gözləmədən yenə səslədi:

-Səlmi, ay Səlmi. Məni “həmkarlar” çağırır, fabrikə gedirəm.

– İstirahət günüdür,sənsiz darıxacam.

-Niyə darıxırsan? Uzağı iki saata qayıdıram.

Səlminaz  üzündə təbəssüm dilləndi:

-Deyirəm neçə vaxtdı qadın məsləhətxanasına getməmişəm. Neçə bilirsən, gedimmi? Vaxtım da boş keçməsin.

-Lap yaxşı. Onda hazırlaş.

İkisi də evdən birgə çıxmaqlarına baxmayaraq, hərəsi bir səmtə getdi. Hardasa bu “ayrılıq”dan təxminən iki saata yaxın vaxt keçdi. Qayıdan vaxtı  yataqxananın girişində rastlaşdılar. İkisinin üzündə sevinc var idi. Ətrafdakılara heç biri fikir vermirdi. Özlərindən asılı olmayaraq qucaqlaşdılar, ikisi də birdən dilləndi:

-Sənə şad xəbərim var.

Bu qoşa səs elə bil ilahi səs idi. Hər ikisi sehrləmişdi. Üzbəüz dayanıb bir-birlərinin əlindən tutub donub qalmışdılar. Heç biri dillənməyə ürək etmirdi. Nəhayət, sükutu Səlminaz pozdu. Buna heç sükutu pozmaq da demək olmazdı.Titrək səslə, pıçıltı ilə deyilən sözləri ancaq bircə Məlik eşitdi:

-Məlik.

Bir neçə saniyəlik fasilədən sonra yenidən o titrək səs bir də eşidildi:

-Məlik, ay Məlik, gözün aydın, sən ata olacaqsan.

Qəribədir bu xəbəri Məlik çox sakit qarşıladı. İstəmirdi ki, onların səsini kimsə eşitsin. Səlminaz elə bil öz səsini  Məlikə ötürmüşdü. Məlik də eynilə  titrək və pıçıltılı səslə dilləndi:

-Səlmi,ay Səlmi,  bizə yeni tikilmiş binada mənzil veriblər.B həftə köçürük.***

Məlik və Səlminaz artıq onlara verilmiş mənzilə köçmüşdü. İstirahət günləri Məlik evdə duruş gətirə bilmirdi. Bakıya gəlməyinə peşman deyildi. Amma isti yay günlərində onu kənd həyatı özünə dartırdı. Günlər keçir, Məlik də yeni məhəlləyə alışırdı. Novruz bayramı idi. Hər ikisi köməkli novruz süfrəsini hazırlayıb masa arxasında oturmuşdu. Qonaq gözləyirdilər. Amma heç özləri də bilmirdilər ki, kimi gözləyirdilər. Birdən Səlminaz diksindi və üzünü Məlikə tutaraq həyacanla dilləndi:

-Məlik, tez təcili yardıma zəng vur, körpə qonağımız gəlir.

Məlik əl-ayaq açmışdı. Elə sabahı günü əlində bir ağac qələmi gətirib oğlunun adına həyətdə əkdi. Bu ağacla çox adam maraqlandı. Məlik isə hamıya təbəssümlə eyni cavabı verirdi:

-Bu, tut ağaсıdır. Əkmişəm ki, övladlarımız meyvəsini yesinlər, kölgəsində də sərinlənsinlər. Alma, armud ağacı əksəm hamıya çatmaz. Tut belədir ki, hamıya çatacaq.

Novruz böyüdükcə tut ağacı da böyüyürdü. Bütün məhəllə uşaqları hamı tut ağacının altına yığılırdı. Kim-kimi axtarırdısa daha heç yerə yox, elə bu ağacın yanına gəlirdi. Adını da qoymuşdular Novruzun ağacı.

* * *

…Novruz gözünü tut ağacından çəkmirdi. Əsgər yoldaşları onu birinci dəfə idi ki, görürdülər. Növbədə onlar idilər. Tanımadıqları əsgər isə könüllü  döyüşə qöşulmuşdu. Heç kim onu xəyaldan ayırmaq istəmirdi. O isə məhəllə uşaqlarıyla tut ağacında qaçdı-tutdu oynayırdı. Elə bil ki, yerdə yer qəhət idi. Necə oldusa birdən Novruzun ayağı budaqdan sürüşdü və diksinərək xəyaldan ayrıldı. Gah tut ağacındakı güllə yerlərinə, gah da yanındakı əsgərin üzünə baxırdı. Cəbhənin də öz qanunları var.Hamını öz qanunlarına tabe edir. Bir-birlərini dillə başa düşə bilməyənlər, cəbhədə sözsüz-söhbətsiz bir-birlərini başa düşürlər. Əsgər dilləndi:

– Hər gün səhər-səhər, hava açılar-açılmaz atəşkəsi pozurlar. O qədər əclafdırlar ki, gördüyün bu ağacı da gülləyə tuturlar.

Bu cavabdan  həm qaşları, həm də yumruğu düyünləndi. Heç bir söz demədən əsgərin boynundan asılmış durbini alıb, sürünə-sürünə səngərdən aralandı və təxminən bir saatdan sonra geri qayıdaraq durbini əsgərə qaytarıb kazarmaya qayıtdı. Bütün günü hava qaralınca  əsgərlərə təlim keçdi. Axşam yatmaq komandası verilməyinə baxmayaraq  yuxu gəlmirdi. Gözünü yuman kimi yaralı tut ağacı  qabağında dayanırdı. Nə qədər çalışsa da yatsın xeyri olmadı. Dikəlib yerinin içində oturdu. Yenə tut ağacı gözünün qabağına gəldi. Amma çox qəribədir.Sanki tut ağacının budaqları yox idi. Budaqları ona tərəf uzanan əllər əvəz etmişdi. Bu əllər ondan imdad istəyirdi. Get-gedə həyacanı artır,ürəyi də tez-tez döyünürdü. Səbri tükəndi. Sıxılmış dodaqlarından çıxan sözü belə özü eşitmədi, amma ürəyinin səsini eşitdi:

-Səni xilas edəcəm. Səni xilas edəcəm. Səni xilas edəcəm.

Geyindi və kazarmadan çıxanda növbətçi əsgərin gözlərinin içinə düz baxaraq dedi:

-Qayıdacağam. Mütləq qayıdacağam.

Növbətçi əsgərin gözü qaranlıqda yox olana kimi Novruzu izlədi. Növbətçi əsgər həyacanlı idi. Gah bayıra çıxır, gah da içəri girirdi. Xeyli vaxt keçmişdi, Novruz  gəlib çıxmırdı. Əsgərin gözləri hərbi hissənin girəcəyinə ilişib qalmışdı. Nəhayət, gözünə yaxınlaşmaqda olan bir qaraltı dəydi. Yox, bu, Novruz deyildi. Gələn adam lap sərxoş adamlar kimi gəlirdi ,ara-bir səndirləyərək yıxılır, sonra i zorla qalxıb yeriyirdi. Əsgər  hazır vəziyyət almışdı. Qaraltı  yaxınlaşmaqda idi.Əsgər əlindəki fanarı “qaraltı”nın üzünə tutdu.Qaraltını zorla da olsa tanıdı. Onda təqsir yox idi. Novruz tanılası halda deyildi.Üst-başı ,üzü-gözü toz-torpaq və qan içində idi.Əsgərona üz-gözünü yumağa, üst paltarlarını çıxarmağa və yerində uzanmağa kömək etdi. O, ürəyində ürəyilə danışırdı. Tut ağacına hesabat verirdi:

– Hə, tut ağacı, səni xilas etdim, çox çəkməz Qarabağı da azad edərik.

Beləcə, tut ağacı ilə danışa-danışa onu yuxu apardı. Bu yuxu necə gözəl , necə şirin idi.

…Tut ağacının yaralarının yeri qalsada sağalıb,daha da böyüyüb qol budaq atıb. Bolluca tut gətirib.Tutlar daha iri və ətli idi. Baxanda adamın ağzı sulanırdı. Ağacın yarpaqları isə xışıltılı səslə Novruzu səsləyirdi:

-Novruz, ay Novruz, mən bu tutu sizin məhəllə üçün yetişdirmişəm. Gəlin bolluca yeyin.

Məhəllə uşaqları da  hardansa peyda olub tut ağacına dırmaşdılar. Novruz da  onlara baxıb dırmaşdı. Uşaqlar bir birlərinə atmaca ata-ata, ağızlarını marçıldada-marçıldada, ləzzətlə tut yeyirdilər. Amma bu uşaqlar necə deyərlər bığlı, saqqallı idilər.Balkondan  anasının səsi gəlirdi:

-Novruz, ay Novruz, hardasinız?

-Ana, biz Qarabağdayıq.

-Tut yeyirik! Gəl sən də ye.

Qəfil səsdən diksinərək oyandı:

-Əsgər qalx!

Səhər idmanı və yeməkdən sonra bir qədər keçmişdi ki,leytenantın gur səslə verdiyi əmri hamısı eşitdi:

-Əsgər,düzlən!

Bir neçə dəqiqəyə hamı cərgədə idi. Novruz  cərgədə dayansa da, ürəyində götür-qoy edirdi, fikri gördüyü yuxuda qalmışdı:

-Mənim yuxularım həmişə çin çıxır.Böyük bir avtobus tutub bütün məhəllə uşaqlarını Qarabağa tut yeməyə gətirəcəyəm.  Bu an leytenant  növbəti əmri verdi:

-Fərəqət! Diqqət mərkəzə!

Komandirə tərəf dönüb sağ əlini gicgahına apardı:

-Cənab polkovnik, növbə ərzində nəzarət etdiyimiz cəbhə xəttində nisbi sakitlik olmuş, atəşkəs pozulmamışdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma