Müəllif: Məhərrəm MUSTAFA
Məhərrəm Nüsrəddin oğlu Mustafa 1956 - cı il avqust ayının 11-də Xaçmaz şəhərində anadan olub. 1973 - cü ildə Xaçmaz şəhər 2 nömrəli orta məktəbini bitirib və həmin il Bakı Kooperativ Texnikumuna qəbul olunub. 1975 - ci ildə Mühasibat Uçotu ixtisası üzrə texnikumu bitirib. 1975-ci ildə Xaçmaz RHK-dan həqiqi hərbi xidmətə çağırılıb. Qazaxıstanın Semipalatinsk şəhərində SSRİ Hərbi Hava Qüvvələrinin müdafiə sisteminin avtomatlaşdırılmış idarəetməsində operator kimi xidmətə başlayıb. Bacarıqlı və intizamlı xidmətinə görə irəli çəkilərək sınanmış əsgər kimi Altay vilayətinin Çin və Monqolstan sərhədi yaxınlığında yerləşən Koşa Aqaç qəsəbəsindəki hərbi hissəyə göndərilib. 1977-ci ildə hərbi xidməti bitirib doğmalarının yanına qayıdıb. 1978 - ci ildə Xaçmaz Rayon İstehlak Cəmiyyətində mühasib vəzifəsində əmək fəaliyyətinə başlayıb. İşləməklə bərabər o, 1979- cu ildən “Xalqlar Dostluğu” ordenli Moskva Kooperativ İnstitutunun İqtisadiyyat fakültəsində təhsilini qiyabi yolla davam etdirib. 1984- cü ildə təhsili bitirib Yüksək Dərəcəli İqtisadçı adı alıb. 1998 - ci ildə İstehlak Cəmiyyətindən irəli çəkilərək “Azərkontrakt” Dövlət Kooperasiyasının Xaçmaz rayon müəssisəsində işə başlayıb. 2005- ci ildən 2011- ci ilədək “Dübrar” MMC - nin direktoru olub. 2011- ci ildən 55 saylı Xaçmaz şəhər seçki dairəsi komissiyasının katibi vəzifəsində işləyib. Ədəbi fəaliyyətə məktəb illərində başlamasına baxmayaraq, yazılarını heç yerdə çap elətdirməyib. 2015-ci ildən dövrü mətbuatda hekayələri və şerləri sevilə - sevilə oxunur. 250 - dən çox aforizmi müxtəlif dillərdə ən çox bəyənilənlər sırsındadır.
2015 - ci ildə yazdığı ilk “Yaralı tut ağacı” kitabının elektron variantının təqdimatı AMEA - nın Mərkəzi Kitabxanasının konfrans zalında keçirilib. Məhərrəm Mustafa Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Hekayələri almanaxlarda və dövri mətbuatda mütəmadi şəkildə dərc olunur.
2020-ci ildə “Şərq – Qərb” mətbəəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə Azərbaycan Respublikası Təhsil İnstitutunun I siniflər üçün hazırladığı dərsliyə yazıçı Məhərrəm Mustafanın 2 hekayəsi daxil edilib: “Şah bə bağban”, “Qaranquşun Xocalı arzusu”. Hər iki hekayənin mövzusu müasir və aktual, dili rahat və lakonikdir.
Yazıçının ikinci elektron kitabı “Dəlidağın harayı” 2021-ci ildə fonda təqdim edilib.
2021-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən rayonlarından olan igid döyüşçülərimizin 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıqlarını ədəbiyyata gətirilməsi üçün “Zəfər yazanlar” mövzusunda yazı müsabiqəsi keçirilib. Vətən müharibəsində qazanılan tarixi Zəfərin ildönümündə keçirilən müsabiqədə Məhərrəm Mustafanın Xaçmaz rayonunun Xaspoladoba kəndindən olan şəhid İmamov Rəhim Rauf oğluna həsr etdiyi “Cənnətdən gələn qonaq” hekayəsi I yerə layiq görülüb. Hekayə “Zəfər yazanlar” almanaxında dərc edilib, müəllifə “Fəxri Fərman” təqdim olunub.
Hal-hazırda hərbi mövzular üzrə ixtisaslaşmış peşəkar jurnalistlər birliyinin üzvu, Qubada rayonunda fəaliyyət göstərən "Gülüstan" elmi ədəbi məclisin üzvü, Şabran rayonunda fəaliyyət göstərən "Şabran" ədəbi məclisinin üzvü, Xaçmaz rayonunda fəaliyyət göstərən "Ulduzlar" ədəbi məclisin üzvü və AMEA-nın əməkdaşıdır.
Hazırladı: Azərbaycan Jurnalistlər Birliyinin üzvü Füzuli Baratov