Sahibsiz ayaqqabılar

Arabir ağaclardan düşən saralmış yarpaqları qovaraq  küncə – bucağa sıxan külək payızın gəlişindən xəbər verirdi. Hava yavaş – yavaş işıqlaşırdı. Küçədə arabir şütüyən avtomobillərin səsləri eşidilirdi. Bu səs – küyə qoltuq ağacları ilə yeriyən qocanın ayaq və taqqıltı səsləri də qarışırdı. Qoca asta – asta səkiyə qoyulmuş zibil qutusuna yaxınlaşdı. İlk əvvəl onun diqqətini gecə yağmış çiskin yağışın isladıb yumşaltdığı

ayaqqabi

kömbə çörəyi didişdirən sərçələr cəlb etdi. Onun yaxınlaşmağına baxmayaraq quşlar uçmadı. O sərçələri doyub uçana qədər seyr etdi. Ürəyində isə deyirdi: “Yaxşı oldu yaxınlaşmadım. Yoxsa  ac uçacaqdılar.”
Bir qədər də yaxına gəldi. Birdən diqqətini səkiyə qoyulmuş bir cüt ayaqqabıya yönəltdi. Çətinliklə də olsa əyilib onları əlinə aldı və diqqətlə nəzərdən keçirdi. Ayaqqabılar elə də köhnə deyildi. O dilləndi:
– Bəs niyə sizi  bura atıblar ? Siz də mənim kimi qoca deyilsiniz. Hələ  yaxşı qalmısınız. Təmizlənib kremlənsəniz lap elə təzə ayaqqabı kimi görünəcəksiniz. Ola bilsin ki, elə mən özüm sizə sahib çıxım, – deyərək ayaqqabının sağ tayını ayağıana rahatlıqla keçirdi.
Sonra da o biri tayını geyinmək istədi.
Sanki onu ildırım vurdu. O, yerində quruyub qaldı…
… Səngərdəki əsgərlərin əksəriyyəti Faiqə baxıb gülürdülər. Onlardan biri lap ağ elədi:
–  Ay Faiq, sən bu səliqənlə lap bizi bezdirdin. Bir neçə dəqiqədən sonra döyüşə gedəcəyik, sən isə başlamısan çəkmə parıldatmağa.
– Siz də lap kefsiniz, e. Nə olar döyüşə gedəndə? Kişi ayaqqabılarını həmişə təmiz saxlamalıdır. Çünki dost başa baxar, düşmən ayağa. Lap tutaq ki, öldüm, ermənilər deməzmi ki, ara, Azərbaycan əsgəri elə ölməli imiş. Adam da bu qədər pinti olar ? – deyərək şaqqanaq çəkib güldü. Onu qəflətən öskürək tutdu. Yaxınlıqdakı ağ plastik su qabını yuxarı qaldırıb içməyə başladı. Birdən su qabına nəsə dəydi. O içməyinə ara verib dilləndi:
– Necə adamsınız ? “Su içəndə heç ilan da adamı çalmır.” –  deyib atalar. Qoymazsınız adam kimi su içək ?
Çavuş dilləndi:
– Faiq, biz yox, ermənilər adam deyillər. Səni vurmaq istəyiblər, snayper gülləsi su qabına dəyib.
Faiq əlindəki deşilmiş  qaba baxdı. Deşikləri tutaraq  içməyinə davam etdi. Elə bu an şiddətli döyüş başladı…
… Gözlərini açanda özünü hərbi qospitalda gördü. Bütün bədəni ağırlaşmışdı. Zorla nəfəs alırdı, tərpənə bilmirdi. Onun özünə gəldiyini görən tibb bacısı yaxınlaşdı:

– Qardaş hələ ki, hərəkət edə bilməzsiniz. Yaxınlığınızda partlamış mərmidən güclü zədəalmısınız.

Faiq susdu. Tibb bacısı ona diqqətlə baxırdı. Hiss edirdi ki, əsgər nə isə demək istəyir, amma demir.
– Nə sözün var, de. Mən də sənin bacın.
– Sizdən bir qəribə xahişim var.
– Eşidirəm.
– Utana – utana çətinliklə dilləndi:
– Bacı, zəhmət olmasa sol ayağımın altını qaşı.
Tibb bacısı tərpənmədi. Gözləri dolmuşdu. Bilmədi ki, necə desin ki, onin sol ayağını amputasiya ediblər…
… Qoca əlindəki ayaqqabıya xeyli baxdı. Onun tozunu silərək  qaytarıb  götürdüyü yerə qoydu. Nə fikirləşdisə ayağına keçirdiyi ayaqqabını da çıxarıb onları cütlədi.
– İstəmərəm ki,  bir – birinizdən ayrı düşəsiniz. İstəmirəm  həyatda siz də mənim ayağım kimi təklənəsiniz. Sizi ayırmayacağam. Istəyirəm sizə sahib çıxan tapılsın. Bu keşməkeşli həyatda tənhalıq çox çətindir.
Bunları deyərək qoltuq ağaclarının köməyilə çətinliklə ayağa qalxdı, ayaqqabılara qəmgin – qəmgin baxaraq köks ötürdü və sakit – sakit uzaqlaşdı.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma