Əlinin müqəddəs əmanəti

                                                                Qarabağ döyüşçülərinə həsr edirəm.

      Çinarlı kəndində böyükdən kiçiyə kimi hamı sevinirdi. Cəbhədən əsgər qayıtmışdı. Dörd ildən yuxarı olan müddətdə kəndə sağ və salamat qayıdıb gələn birinci əsgər idi. Bu qaranquş Ömər idi. Hamının deyib gülməsinə, əl-ayaq etməsinə baxmayaraq  o, susurdu, bir kəlmə olsa da belə danışmırdı. Ətrafındakılar nə qədər çalışsalar da xeyri olmadı. Ona verilən sorğu-suala  çox qısaca, necə deyərlər can dərdi cavab verirdi. Elə bil gülüşünü, danışığını  Qarabağda – cəbhədə qoyub gəlmişdi. İyirmi üç  yaşı hələ tamam olmamasına baxmayaraq, tanımayanlar ona 35-40 yaş verərdilər. Saçının ağı qarasından çox idi. Səhərisi günü hərbi komissarlığa qeydiyyata gedəcəkdi. Bacısı Fatimənin təkidi ilə əsgər geyimini çıxararaq ütüləməyə vermişdi. quruchorekBu məclisdə ən çox canfəşanlıq edən, deyib-gülən də elə Fatimə idi. Göz aydınlığına gələnlər yavaş-yavaş dağılışırdı. Ömər onun üçün süzülmüş çay  içməli olmağına baxmayaraq içməyə tələsmirdi. Tək qalmaq istəyirdi. Elə bil illər uzunu bu kəndin səsi, küyü, toyu, düyünü üçün darıxan o deyildi. Nə üçün tək qalmaq istədiyinin səbəbini  heç özü də bilmirdi. Yox o tək deyil, öz xəyallarıyla birgə idi. Bu xəyallar idi ona rahatlıq verməyən. Əslində  bunlar xəyal yox, geridə qalmış reallıq idi.  Ölümün belə bu keçmişi, bu reallığı onun yaddaşından silməyə  gücü çatmayacaqdı. Ölsə də belə bu reallıqlar onun ruhunun yaddaşına qalacaqdı. O həmişəlik bu yaddaşı daşımağa məhkum olunmuşdu.                                                                          Elə bu vaxt  bacısı Fatimə əlində ağ parcaya  nə isə bükülü yavaşca  Ömərə yaxınlaşdı.

-Qardaş, bu nədir?

Diksindi.

Fatimə heç özü də  bilmədən bükülünü açmışdı.  Öməri sanki, bu an ildırım vurdu. Bükülü neçə il bundan qabaq bükülən idi. Həmişə onu  ürəyinin üstündə, qoltuq cibində saxlayırdı. Bu bükülü ona cəbhə yoldaşı olmuş və birinci dəfə idi ki, açılırdı. Quruyub qalmışdı. Bacısına cavab vermək iqtidarında deyildi.

….Əli və Ömər hərəsi  Azərbaycanın  bir bölgəsindən idi. Onlar kəşfiyyat bölüyünə gəldikləri gündən dostlaşmışdılar. Təlimlər qurtardıqdan sonra  kəşfiyyata  bir yerdə gedirdilər. Yenə də növbəti hərbi tapşırıq alaraq kəşfiyyata yollandılar. Düşmən çox hiyləgər və məkrli idi. Havadarlarından istifadə edərək güclü silahlanmışdı. Demək olar ki, minalanmamış cığır, yol qalmamışdı. Əli və Ömər üçün hərəkət etmək çox çətin idi. Düşmən kəşfiyyatı da duyuq düşmüş və  müdafiəni qat-qat artırmışdı. Hərbi tapşırığı mütləq yerinə yetirməli idilər. Bir neçə gün keçmsinə baxmayaraq  heç bir məlumat əldə edə bilməmişdilər. Ancaq gecələr hərəkət edirdilər. Bu gecənin  qaranlığına  duman da qarışmışdı. Kəşfiyyatı üçün münasib vaxt idi. Yemək yeyib davam etməyə qərar verdilər. Su və ərzaq ehtiyatı tükənmişdi. Əli  əsgər çantasından kiçik bir ağ parça çıxarıb otun üstünə süfrə əvəzi sərərək əsgər payını çıxardı. Cəmi bir dilim quru  çörək  qalmışdı.

– Bölüb yeyək. Atalar deyib ki, bir tikə bir dağı aşırar.

Elə bunu demişdi ki, sükut pozuldu. Mərmilərin partlayışından yer titrəyirdi. Elə bil bu dəqiqə yerin bağrı çatlayacaqdı. Süfrə ortalıqda qaldı.  Nə edəcəklərini hələ müəyyənləşdirib bir qərara gəlməmişdilər. Yerə uzanmışdılar. Birdən Əli nə isə fikirləşərək cəld düşmənin səngərinə tərəf sürünmıyə başladı. Ömər onu çağırdı:

-Əli, hara gedirsən? Belə şeyləri çox görmüşük. Qayıt, çörəyimizi yeyib sonra gedək.

-Ömər, sən ye. Mən  gəlib yeyərəm.

-Qardaş, sən nə danışırsan? Bu da təzə çıxdı. Bilmirsən ki, mən sənsiz bir tikə də yemərəm.

Əli iki barmağını qoşalayaraq qulağını göstərərək , sonra isə şəhadət barmağını dodaqlarına yapışdırdı. Bu hərəkəti ilə yerində qal,  “sus düşmən eşidər” işarəsini verərək sakitcə pıçıldadı:

-Yaxşı, onda gözlə, indi qayıdıram, bir yerdə yeyərik.

-Oldu, gözləyirəm. Qayıdarsan bir yerdə yeyərik. Sənsiz bu tikəni yedi yoxdu.

-Qayıdacağam.

-Əli!

-Dedim ki, qayıdacağam.

Ömər quru çörəyi həmin “süfrəyə” büküb cibinə qoyub  bir daha açmadı. Özünə söz verdi ki, o bükülünü Əli gələndə açacaq və  iki cəbhə qardaşı birlikdə yeyəcəklər.

Fatimənin səsi onu xəyaldan ayırdı.

-Qardaş, səninləyəm.

Ömər dərindən nəfəs alaraq, dilləndi:

-Bacı, bu çörək əmanətdir-Əlinin müqəddəs əmanəti. Gözləyirəm ki, gəlsin bir yerdə yeyək.

Fatimə titrək səslə soruşdu:

-Qardaş, Əli  gələcək?

-Bacı,  söz verib ki, gələcəyəm. Söz veribsə mütləq gələcək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma