Ata əmanəti

Qarabağ döyüşçülərinə həsr edirəm.

“N” saylı hərbi hissədə üç nəfər xüsusu təyinatlı əsgərə məxvi tapşırıq verilərək kəşfiyyata göndərilmişdi. Bir yerdə çıxsalar da ayrı-ayrı istiqamətlərə getmişdilər. Artıq tapşırığı yerinə yetirmək üçün verilmiş vaxtdan xeyli keçməsinə baxmayaraq   onlardan ikisi  geri qayıtsa da, İntiqamdan hələ heç bir xəbər  yox idi. Səhərin açılmasına az qalmışdı. Komandirin həyəcanı  get-gedə artırdı.O, təcili olaraq kəşfiyyat rəhbərlərini məşvərətə çağırdı. İntiqamın axtarışı üçün iki nəfərdən ibarət təcrübəli kəşfiyyatçı ayrıdı.

Kəşfiyyat qrupu İntiqamın getdiyi istiqamətə-Murovdağa tərəf yol aldı. Necə deyərlər gecənin qaranlığında göz-gözü görmürdü. Ay da buludların arxasında gizlənmişdi. Üzlərinə qarı çırpan küləyin vıyıltısına çaqqal və canavarların da ulartısı qarışmışdı. Amma belə vəziyyət kəşfiyyat üçün əlverişli idi. Hər tərəfi diqqətlə nəzərdən keçirirdilər. İtmiş kəşfiyyatçını tapmaq ümidləri get-gedə azalırdı. Bir çıxış yolu vardı: təmas xəttini keçmək. Çox təhlükəli yol seçmişdilər. Başqa çarələri də yox idi. Onlar mütləq İntiqamı tapmalı idilər.Birinci səbəb hərbi əmr idi. İkincisi isə o hamının dostuydu. Bir də hər biri özü-özlüyündə fikirləşirdi ki, onlar da bu vəziyyətə düşə bilərlər. Bir-birlərindən müəyyən qədər məsafə  saxlayıb, asta-asta sürünürdülər. Bunu ona görə edirdilər ki,  mina partlayarsa ikisi də həlak olmasın. Kiçik bir qayanın yanından sürünüb kecərkən üzərini qar örtmüş, bükülmüş bir vəziyyətdə bir nəfər aşkar etdilər. Diqqətlə baxdılar. Bu İntiqam  idi. Onun sağ olub olmamasını heç biri ayırd edə bilmədi. O, hər iki əli ilə  ürəyini tutmuş,dizlərini də qarın nahiyyəsinə  sıxmış vəziyyətdə şaxtadan qıc olmuşdu. Düşünməyə vaxt yox idi. Huşunu itirmiş yaralını təcili  hbayraqərbi hospitala  çatdırdılar. İlkin müayinədə məlum oldu ki,  sağdır. Amma həyatı  təhlükədə idi. Vaxt itirmək olmazdı.Yaralını təcili yardım helikopteri ilə Bakıya-hərbi xəstəxanaya çatdırdılar.

Həkim heyəti təcili işə başladı. Baş cərrah bildirdi:

-Əsgər böyründən və ehtimal ki, sinəsinin sol hissəsindən də yaralanmışdır.

Böyründəki yara açıq-aşkar bilinirdi. Həkim cərrahlardan ikisinə tapşırıq verdi:

– Siz böyrək nahiyyəsilə məşğul olun. Mən isə köməkçimlə sinəni əməliyyat edəcəyəm.

Çətinliklə də olsa yaralının əllərini sinəsindən araladılar. Əsgərin sinəsində güllə yeri yox idi.Tez paltarını qayçılayıb çıxardılar. Həkimlər bir an duruxdu.Yaralının sinəsinin üstündən, paltarın altından səliqə ilə bükülmüş Azərbaycan Bayrağı çıxdı. Bayraq qanlı idi. Amma qan ləkəsi təzə yox, köhnə ləkə idi. Onlar üçün müəmmalı bu idi ki, əsgər yaralanarkən güllə dəyən böyrünü deyil,  iki əli ilə sinəsini tutmuşdu. Əməliyyat uğurla keçdi.Yaralı isə hələ də özünə gəlməmişdi. Cərrahlar əsgərin vəziyyəti barədə baş həkimə məlumat verdilər. Diqqətlə dinləyən baş həkim fikrə getmişdi. Nəhayət, dilləndi:

-Əsgər əsl igidlik göstərib. O özünü yox, vətənimizin hamımız üçün müqəddəs olan Bayrağını qoruyub. Bayrağı palataya gətirin. Elə yerdən asın ki, gözünü açarkən birinci Bayrağı görsün.Eşq olsun belə oğullara!

Günlər keçirdi. Xəstə hələ də özünə gəlmirdi. O, bütün hospitalın sevimlisinə çevrilmişdi. Həkimlər də, xəstələr  də onunla maraqlanırdı.

İntiqam Xocalı faciəsi günü anadan olmuşdu. Səhəri günü  bu faciədən hamı kimi atası Osman da xəbər tutmuş və Qarabağın azadlığı uğrunda könüllü olaraq müharibəyə getmişdi . Gedərkən onu yola salmağa anası və bacısı gəlmişdi. Anasının sual dolu nəzərləri oğluna dikilmişdi.Osman çox arif adam idi. Anası dillənməsə də onun ürəyindən keçənləri gözlərindən duyurdu .

-Ana, oğlumu inşallah sağ-salamat gəlib görərəm. Adını da  İntiqam qoyuram.

-Ay bala, bəs deyirdin oğlum olsa atamın adını qoyacağam.

-Yox ana, vətənin bu günündə bunu edə bimərəm. Böyüyəndə özü də bilsin ki, onun adı niyə İntiqam qoyulub.

Hərbi xəstəxanadakılar da , tanış-biliş də sevinirdi. Əsgər   özünə gəlməsə də  gündən-günə yaxşılaşırdı. Hərdən yanındakıların danışıqlarını eşidirdi:

– Allah qoruyub.

-Sağ qalması möcüzədir.

-İnamı, iradəsi güclü olduğu üçün sağ qalıb.

-Anası namaz üstə imiş.

Kimsə də palatanın yanından keçərkən zümzümə edirdi:

-Şuşanın dağları, başı dumanlı…

O isə ürəyində belə oxuyurdu:

– Şuşanın dağları, başı dumansız…

Eşitdiyi bu sözlər onun ümidlərini daha da artırırdı. Gözlərini açmaq istəyirdi. Lakin göz qapaqları o qədər ağır idi ki, sanki kirpiklərindən dünyanın yükü asılmışdı. Nəhayət, az da olsa kirpiklərini aralaya bildi. Ən əvvəl onun nəzərləri Azərbaycan Bayrağına dikildi.  Ani olaraq    kirpiklərindəki  yükü elə bil ki sehrli bir qüvvə yox etdi. Gözlərini geniş açdı.Bəli, divardan asılmış Bayraq onun sinəsində həmişə gəzdirdiyi Bayraq idi. O, bu Bayrağı tanımaya biməzdi.Bu  Bayraq heç vaxt üzünü görmədiyi atasından yadigar qalmışdı. Atasına  onu görmək qismət olmamışdı. O,  erməni işğalçılarına qarşı döyüşdə  şəhid olmuşdu. Bayrağın  üzərindəki  ləkələr də atasının qanı idi. Yumağa anasının ürəyi gəlməmişdi. İntiqam  Bayrağa  baxdıqca  sevinirdi. Ona görə sevinirdi ki,Azərbaycan Bayrağını qoruya bilib. O, əlinin işarəsi ilə Bayrağı gətirtdi və əlləri əsə-əsə onu dodaqlarına apardı.

Onun bu sevincinə həkimlərin, tibb bacılarının  , xəstələrin  göz yaşı da qarışmışdı.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma