Gözü yolda qalan əsgər analarına ithaf edirəm.
Əvəz hərbi xidmətini qurtarıb evə getməyə hazırlaşırdı. Ona yeni gəlmiş bir əsgər yaxınlaşdı və dedi:
-Qardaş, səndən bir şey xahiş etmək istəyirəm.
-Eşidirəm,sözünü de.
-Bizim ev Bakı yolundadır. Sənə zəhmət də olsa anama baş çək. Məndən nigarandır.
-Bəs deyirdin ki, Qarabağlıyam.
-Hə, elədir, Qarabağlıyam. Kəndimizi ermənilər işğal edib.
Əvəz, düşünmədən dediyinə utandı. Başını belə qaldırmayıb dilləndi:
-Evin nömrəsini, küçənin və ananın adını bir kağıza yaz ver.
-Yazmağa ehtiyac yoxdur. Ümid qəsəbəsində yaşayırıq. Kimdən soruşsan ki, Şuşalı Xanımın evi hansıdır, göstərəcəklər.
Əvəz hamı ilə sağollaşıb yola çıxdı.Avtobus sürücüsündən xahiş etdi ki, Ümid qəsəbəsində saxlasın. Gözünü pəncərədən çəkmirdi. Getdikcə Qarabağın dağlarını,yamaclarını, meşələrini təpələr, sonra da kasıb, şoran düzənliklər əvəz edirdi. Sürücü avtobusu kənara çəkib saxladı:
-Əsgər, dediyin yerə çatdıq, düşə bilərsən.
Qəsəbə elə yolun kənarında idi. Bir qədər getdikdən sonra birinci rast gəldiyi doqquz-on yaşlı oğlandan soruşdu:
-Bilmirsən Xanım xalagilin evləri hardadır?
-Bilirəm. Niyə bilmirəm? Gəl gedək gostərim.
Əsgərin əlindən tutub sevinə-sevinə aparırdı.
-Hə, çatdıq. Sən burda gözlə.
Daha uşağın sözünə bir söz deməyib dayandı. Uşaq küçə qapısını açıb içəri keçdi və var səsiylə çağırmağa başladı:
-Nənə, Xanım nənə, tez gəl muşduluğumu ver. Oğlun əsgərlikdən qayıdıb.
Heç yarım dəqiqə keçməmiş Xanım xala ayaqyalın, baş açıq özünü yetirdi.
-Hanı oğlum?
Oğlan cəld elə qapının ağzında dayanmış Əvəzi içəri dartdı. Xanım xala hönkürtü ilə ağlaya-ağlaya onu qucaqladı:
-Can oğul, nə bildin ki, sənin üçün çox darıxmışam.Nə yaxşı gəldin. O da ananı qucaqladı.Bərk kövrəlmişdi. Özünü saxlaya bilməyib səsiz-səssiz ağlayırdı. İçəri keçib üzbəüz oturdular. Ana çaşıb qalmışdı. Bu onun oğlu deyildi. Gözlərini hələ də için-için ağlayan əsgərdən çəkə bilmirdi. Yaxılaşıb başını tumarlamağa başladı:
-Nə oldu sənə? Niyə belə ağlayırsan? Ağlama, elə sən də mənim oğlumsan.
Bu sözlərdən və tumardan sonra əsgərin ağlamağı daha da şiddətləndi. Axı, necə deyəydi ki,hələ onu bu vaxta kimi ürəkdən qucaqlayan, oğul deyən olmayıb.
Xanım xala mətbəxə keçib çay qoydu. Daha otağa keçmədi. Hazır olduqdan sonra əsgərə və özünə çay apardı.
Əvəz çayını içib getmək istədiyini bildirdi.
-Hara gedirsən? Elə indi gəlmisənki. Heç çörək də yeməmisən. Təkəm. Bir-iki gün qal sonra gedərsən. Qoy oğlumun ətrini səndən alım.
-Yaxşı, nə deyirəm,olsun.
Əvəzlə Xanım xala mehribanlaşmışdılar. Çay içə-içə şirin söhbət edirdilər. Xanım xala dilləndi:
-Ay oğul, neçə gündür bir yerdəyik. Heç demirsən harada yaşayırsan,eviniz hardadır? Adını belə bilmirəm.
Bu sualdan çöhrəsi tutuldu. Bir qədər keçdikdən sonra qəmli-qəmli dilləndi:
-Deyilənə görə Laçındanam. Ata-anamın kim olduğunu bilmirəm. Onlar haqqında heç bir məlumat yoxdur. Körpə ikən məni əsgərlər xilas edib uşaq evinə veriblər. İnternat məktəbini bitirib peşə məktəbində oxumuşam. Ordan da əsgərliyə getmişəm. Adımı da tərbyəçilər qoyub, Əvəz.
Bu cavabdan Xanım xala çox pis oldu. Əsgərə yaxınlaşıb əlini üzünə qoyub diqqətlə baxmağa başladı.O, bu üzdə Xocalıda itirdiyi ərinin və oğlunun doğma cizgilərini axtarırdı.
-Mən sənin getməyinə razı deyiləm. Bilirsən ki, oğlum əsgərlikdədir, gələnəcən oğlumu əvəz elə.
Xanım xalanı tək qoyub getməyə ürəyi gəlmirdi. Ona isnişmişdi. Günlər, aylar keçirdi. Artıq Xanım xalanın oğlunun gələn vaxtı idı. Lakin, gəlib çıxmırdı. Əvəzin səbri çatmadı. Xanım xalaya oğlunun dalınca getmək istədiyini bildirib yola düzəldi. Xidmət etdiyi hərbi hissəyə çatdı. Komandir və zabitlər onu hörmətlə qarşıladılar. Amma aldığı xəbər sarsıdıcı idi. Əsgər bir ay bundan qabaq hərbi tapşırığı yerinə yetirməyə getsə də hələ də gəlib çıxmayıb.
Əvəz Xanım xalaya nə deyəcəyı barədə düşünürdü. Gəlib çatdı.Avtobusdan düşdü. Onu yolun kənarında dayanmış Xanım xala gözləyirdi. Üz-üzə dayandılar. Sükutu Əvəz pozdu:
-Ana.
O, həyatında birinci dəfə idi ki,ana deyirdi.Təkrar dilləndi:
-Ana, qardaşım hərbi tapşırığı yerinə yetirməyə gedib.
Heç biri dillənmədi.
Aylar keçdi. Ayları illər əvəz etdi.
Evdə tək idilər. Əvəz hiss elədi ki, Xanım xala sözlü adama oxşuyur. Amma sözünü deməyə ürək eləmir.
-Ana , sözünü saxlama, de.
-Bilmirəm necə deyim. Səni evləndirmək istəyirəm.
Bu təklifdən Əvəz diksindi:
-Yox , ana. Qardaşım gəlməmiş evlənə bilmərəm.
-Oğul, get-gedə yaşlaşıram. İstəyirəm ki, gəlin çayı içim,qucağıma nəvə alım. Gəl ananın sözünü yerə salma.
Bu sözün qabağında daha dillənməyib başını aşağı saldı.
Həyətdə toy mağarı qurulmuşdu. Xanım xalaya nə qədər məsləhət versələr də ki, toyu şadlıq sarayında elə. Etiraz etmişdi:
-Yox əhd etmişəm ki, toyu həyətdə edəcəyəm.
Toy davam edirdi. Yerlilərindən biri ona yaxınlaşıb gülə-gülə dilləndi:
-Xanım, bəy axı sənin oğluna oxşamır.
-Bu mənim böyük oğlumdur.
-Onda bəs kiçik oğlun hanı?
-Kiçik oğlum əsgərlikdədir.İnşallah gələr. Onun da toyuna hamınızı çağıracağam.