Qarabağ döyüşçülərinə həsr edirəm.
Vəfanın qardaşının toyu çox da böyük olmayan şadlıq saraylarından birində öz axarı ilə davam edirdi. O isə sevinə bilmirdi. Hərdən qonaqlarla görüşərkən gülümsəsə də, bu sünilikdən özü özündən utanırdı. Onunla birgə masa arxasında olan yeniyetmə qızların yerli-yersiz deyib gülmələri və şit-şit zarafatları da bu yandan onun kefsizliyini artırırdı. Bütün bunlara baxmayaraq, ərköyün yeniyetmələrə fikir vermirdi. Nəhayət, ona da növbə çatdı. Qızlardan biri onun barmağındakı nişan üzüyünə işarə edərək gülə-gülə dilləndi:
-Bəs sənin toyun nə vaxt olacaq?
Digəri isə atmaca atdı:
-Yəqin nişanlısı kasıbdır, toy ona görə gecikir.
-Ay çox bilmiş, haradan bildin?
-Üzüyündən.
O biri isə lap ağ elədi. Başladı gülə-gülə astaca oxumağa:
-Nə vaxta qaldı? Nə vaxta qaldı?
Bimirdi ki, bu qızlara nə cavab versin. Söz tapıb tutarlı cavab verə bilərdi. Amma etmədi. Ürəyində dedi:
-Cavandırlar, mən də o yaşda olsaydım yəqin ki, onlara qoşulacaqdım.
Ürəyindəki bu cavabdan razı qaldı. Üzündəki təbəssümlə birgə xəyalı onu keçmişə apardı…
Vəfa Tibb universitetində təhsil alırdı. Hələ təhsilini başa vurmağa bir neçə il qalmışdı. Arzusu doğma elində, obasında həkim işləmək idi. Bu ilki yay tətilini Qarabağda-öz kəndlərində keçirməyi qərara aldı. Onun ağ xalat geyməkdən xoşu gəlirdi. Az qalırdı ki, gecələr belə ağ xalatda yatsın. Adını bilməyənlər onu “ağ xalatlı qız” deyə çağırırdılar. Ondan çıxmayan iş, bu gecə, necə deyərlər, lap daş kimi yatmışdı. Amma nə qədər bərk yatsa da səs-küyə oyandı. Kəndə gecə ikən hərbiçilər daxil olmuşdu . Hərbi bölmənin komandiri mülki əhaliyə təxliyyə olunmaq üçün hazır olmaq əmri vermişdi. O da hamı kimi camaatın arasında idi. Təbii ki, ağ xalatda, hərbi maşınlara və piyada o tərəf, bu tərəfə tələsən əsgərlərə baxırdı. Elə bil ki, bu vaxta kimi heç əsgər görməmişdi. Bu an əsgərlərdən biri çağırdı:
-Ey, həkim qız, orda niyə dayanmısan? Tez ol bura gəl. Yaralımız var. Vəfa isə çaşıb qalmışdı. Özünü ələ alıb əsgər çağıran tərəfə tələsdi. Bununla da onun cəbhə həyatı başladı. Vicdanı yaralıları qoyub Bakıya qayıtmağa yol vermədi. Günlər keçirdi. Onun xidmət etdiyi hissədə könüllü olaraq Rusiyadan vətənini qorumağa gəlmiş Murad adlı əsgər də vardı. Vəfa və Murad bir-birlərini sevirdilər. Qəribə də olsa heç biri sevməyini dilə gətirmirdi. Onların sevgisi səssiz idi. İkisinin də dillərinin əvəzinə gözləri” danışırdı”. Bu baxışların nə dediyi hər ikisinə aydın idi:
-İnşallah, vətənimizi xilas edərik ,müharibə qurtarar sonra evlənərik. Cəbhə həyatı isə öz qanunları ilə davam edirdi. Yenə də atışma başlamışdı. Öz qorxmazlığı, mərdliyi və bacarığı ilə hamının sevimlisinə çevrilmiş Vəfa güllələrə əhəmiyyət verməyərək, səngərdən-səngərə keçib yaralılara yardım edirdi. Atışma dayanmaq bilmirdi. Hər iki tərəf tutduğu mövqedən çəkilmək istəmirdi. Çətinliklə də olsa əsgərlərimiz üstünlüyü ələ alaraq irəliləyirdi. Onun bir saniyə belə dayanmağa, yaralı əsgərin kimliyini belə müəyyən etməyə vaxtı yox idi. Yaralının üzünə baxmadan bir başa yardıma başlayırdı. Güllə əsgərin ürəyinə dəysə də nəfəs alırdı. Yaralının köynəyinin yaxasını qayçıyla kəsib yarasını təmizləməyə başladı. Elə bu an görmədiyi, eşitmədiyi bir möcüzə ilə rastlaşdı. Əlinə güllə əvəzinə qanlı nişan üzüyü gəldi. Güllə üzüyə dəyib çovumuşdu. Vəfa zədələnmiş qanlı nişan üzüyünü sahibinə tərəf uzatdı. Əli uzanılı qaldı. Üzüyün sahibi üzüyü almadı. Yaralı əsgər onun biləyindən tutub qanlı nişan üzüyünü barmağına keçirdi. O, bu gözlənilməz hərəkətindən çaşdı, əsgərin üzünə baxdı və sarsıldı. Bu yaralı əsgər- Murad idi. Onun nəzərləri onun gözlərində donub qaldı. Murad yaralı olmasına baxmayaraq özünü toplayıb, sakitcə dedi:
-Anamın yadigarıdır. Vəsiyyət edib ki, mənim bu gəlinlik üzüyümü nişanlının barmağına keçirərsən.
Bu qəribə nişan Vəfaya yeni bir güc, yeni bir ruh verdi. Döyüş isə get-gedə şiddətlənirdi. Geri çəkilən düşmənin uzaq vuran toplardan atdığı mərmi bir qədər aralıda partladı. Yaxşı ki, səngərə düşməmişdi. Gözünü açanda əvvəl harada olduğunu anlaya bilmədi. Huşu get-gedə qayıdırdı.Artıq olduğu yer tanış gəlirdi. Hətta ona qoşulmuş süni nəfəs vermə aparatının da markasını ürəyində təkrarladı. Müalicə çox çəkdi. Hospitaldan çıxandan sonra hər şeydən əvvəl birinci olaraq Muradı görməyə tələsdi. Günlər keçirdi.Sonra aylar, sonradakı illər. Onu gördüm deyən olmadı. Özünə tam əmin idi ki, aldığı yara təhlükəli deyildi. Muradı ölümdən nişan üzüyü xilas etmişdi. Vəfa ruhdan düşmür, Muradı axtarmaqda davam edirdi. İnanırdı ki, bir gün Muradı tapacaq , ya da ki, Murad onu tapacaq… Vəfanı acılı, şirinli xəyallarından ayırdılar. Kimsə onun nişan üzüyü taxılmış əlindən tutub, özünə tərəf çəkib yallı oynamağa dəvət edirdi. Vəfa üzünü yanında oturmuş dillərini dinc saxlamayan şıltaq qızlara tutub sevinclə dilləndi:
– Hə qızlar, durun sizdə gəlin, yallıya qoşulun. Yallı birlik rəqsidir. Toyumu soruşdunuz. Tezliklə olacaq. Mən də Muradıma çatacağam.