Rayona kim gəlirdisə girəcəkdə hamının diqqəti bir həyətdə daxma və onunla yanaşı müasir şərq memarlıq üslubu ilə tikilmiş iki mərtəbəli ev diqqəti çəkirdi. Marağına səbəb olan səbəbisə bu gözəl binanın damının olmaması idi. Rayona ezam olunmuş gənc jurnalisti də maraq üstələdi. Sürücüdən xahiş etdi ki, həmin binanın qabağında saxlasın. Maşından aşağı düşüb küçə qapısını döydü. Qapını üzü nurlu yaşlı qadın açdı. Onu da sürücünü də içəri dəvət etdi. Heç biri etiraz etmədi. Otaq çox sadə bəzənmişdi.Divarlar dağ şirəsi ilə şirələnmiş və divar boyunca təxminən eni bir metr olan güləbətin parça vurulmuşdu. Döşəməyə Dərbənd palazı sərilmiş və üstünə çox da böyük olmayan nalçalar düzülmüşdü.
Çox çəkmədi ki, samovar çayı hazır oldu. Yurnalist və sürüçü rahat oturub çay içirdilər. Ətirli çay onlara ləzzət etmişdi. Tələsmək bilmirdilər. Bu otaq jurnalistə çox doğma gəlirdi. Fikrə getmişdi. Onun xəyalları Qarabağda dolaşırdı. Dolaşa-dolaşa gəlib Laçının Əhmədli kəndindəki babasının evində dayandı. Bu ev babasının evlərini xatırladırdı. İndi başa düşdü ki, bu ev niyə ona doöma gəlir.Elə bil hansısa bir sehirli qüvvə həmin evi ordan bura gətirib yerləşdirib. Xəyallardan ayıldı. Üzünü ev sahibinə tutaraq dilləndi:
-Xala, olar Sizə bir sual verim?
-Qızım, əlbətdə olar. Niyə olmur?
-Həyətdəki evin damı niyə yoxdur? İcazə ver atama deyim vurdursun.
O, bu sualı, nə də ki, belə təklifi tanımadığı və birinci dəfə gördüyü qonaqdan gözləmirdi:
-Qızım, elə bilmə ki, bu evin damı imkansızlıqdan qalıb. Fikirləşdiyin kimi deyil, pulum da var, xeyirxah insanlar da kömək etmək itəyiblər. Razı olmamışam. Oğlum Qarabağa müharibəyə gedib hələ gəlib çıxmayıb. Gedəndə dedi ki, ana, evin damını gəlib özüm vuracam. İstəmirəm ki, oğlumun evinin damını başqa adam vursun. Gəlib özü vurar.
Sükut çökdü. Ananın gözləri yol çəkirdi. Bu ümid dolu gözlər belə deyirdi:
– Oğlum mütləq gələcək.