Qarabağ qazilərinə ithaf edirəm.
Gecənin bir vaxtı qəfil birsəs hərbi qospitalın palatasından dəhlizə yayıldı:
-Ayıldı, ayıldı!
Bu səsə tibb bacısı, həkim və gözünə yuxu getməyən bir neçə xəstə də özünü yetirdi. Həkim və tibb bacısı xəstənin şoka düşməməsi üçün hərəkətə keçdilər. Dalbadal iynələr vurulurdu. Arabir də tibb bacısının ürək-dirək verən səsi gəlirdi:
-Yaxşısan,sakit ol,hər şey yaxşıdır.
Nəhayət, xəstə rahat nəfəs almağa başladı. Hamı bu naməlum əsgərə baxırdı. Yeganə xəstə idi ki, onun çarpayısının aşağısındakı lövhədə adı, soyadı, atasının adı yeri boş qalmışdı. Əsgər sağ qalmağına şükr etsədə, bir neçə ayaq barmağının və sol qolunun çiynindən bir qarış aşağıdan amputasiya olunması onu həyacanlandırırdı. Dolaşıq fikirlər onu tərk etmirdi. Həsrətlə səhərin açılmasını gözləyirdi ki, yola çıxsın. Gözləri önünə atası, anası, qardaşı, bacısı və bir də müharibəyə getməmişdən qabaq əhd-peyman bağladığı Sevinc gəldi. Onu kədər bürüdü. Görəsən Sevinc onu necə qarşılayacaqdı? Bütün bunları ürəyində götür-qoy edirdi. Qəfil bir səs onu xəyaldan ayırdı.Bu həkimin səsi idi:
-Əsgər sabahın xeyir. Hazırlaş evə gedirsən.
Avtobusun pəncərəsindən, bayırı seyr etməkdən doymurdu. Kəndlərinə yaxınlaşırdı. Sürücüdən qabaqdakı dayanacaqda saxlamağı xahiş etdi. Düşərək kəndə tərəf səmt aldı. Kənd magistral yola yaxın, evləri də lap elə girəcəkdə idi. Fikirli-fikirli yavaş-yavaş başını aşağı salıb gedirdi. Qəribədir yolda bir nəfər də olsa ona rast gəlmədi. Hiss etdi ki, kəndə az qalıb. Başını qaldırıb evlərinə tərəf baxdı. Gördüyü onun qanını damarında dondurdu. Dünya başına dolandı. Ürəyi sürətlə döyünürdü. Sanki , daş heykələ dönmüşdü. Nə qədər etsə də ayağını yerdən qadıra bilmirdi. Elə bil ayaqlarının hər biri azman bir dağ ağırlığında idi. Evlərinin qabağında mağar qurulmuşdu. Mağarın qabağındakı adamlar açıq-aşkar görünürdü. Bu mağar görünüşündən yas mağarına oxşayırdı. Beynində qarışıqlıq yarandı. Anamdımı, yoxsa atamdımı…? Sözünün ardını gətirə bilmədi. Bədənindən bir gijilti keşdi. Elə bil onu cərəyan vurdu. Bu gijilti onu hərəkətə gətirdi.Təngə-nəfəs olmuşdu. Mağara çatmağa cəmi 10-15 addım qalırdı. Adamların arxası ona tərəf olduğundan onu görmürdülər. Səbəbini özü də bilmədən addımlarını yavaşıtdı. Açıq-aydın eşidirdi.
-Qardaş, allah oğluna rəhmət etsin.
-Dayı, allah sənə səbr versin. -Axır qəminiz olsun.
Yenidən sarsıntı keçirdi, qulağı uğuldamağa başladı:
-Qardaşımmı ölüb?
Beli büküldü. Başı aşağı keçib atasının qabağında dayandı. Müharibə onu tanınmaz hala salmışdı. Atası gözlənilmədən qabağında peyda olmuş dinməz əsgərə baxırdı. Bunun yuxu, yaxud gerçəklik olduğunu, əsgərin isə kim olduğunu aydınlaşdırmağa çalışırdı. Amma heç nə ayırd edə bilmirdi.
-Can qardaş!
Qəflətən bir nəfər onu iki əliylə bərk-bərk qucaqladı. Bu onun qardaşı idi. Əsgər isə qardaşını ancaq bir əllə qucaqlaya bildi. Kəndi ağlamaq və hönkürtü səsi bürümüşdü. Elə bil ki, bu kənddə illər uzunu heç kim ağlamayıb, ağlamaqlarını bu günə saxlamışdılar. Hamı ağlayırdı. Böyüklərə baxıb kiçiklər də ağlayırdı. Çox çəkmədi ki, mollanı musiqiçilər əvəz etdi. Qoçlar qurban kəsildi. Onun ili üçün ehsan bişirilmiş bozbaş şənliyə qismət oldu. Kəndin camaatı, qonşu kəndlərdəki tanış-bilişlər, qohum əqraba hamı gözaydınlığa axışırdı.
Günlər keçirdi, onun gözləri giriş qapısına mühafizə kamerası kimi tuşlanıb qalmışdı. Bacısı gözlərindəki kədəri oxuyurdu. Bilirdi ki, o gözlər Sevinci gözləyir. Bacısı ona yaxınlaşaraq qucaqlayıb saçından öpərək dedi:
-Qardaş,nə qədər çətin olsada səni intizarda qalaraq əzab çəkməiyinə dözə bilmirəm. Özünü ələ al. Sevinc ərə gedib.
Ax, yenə sarsıntı, sarsıntı.
-Nə? deyərək bir əliylə başını tutaraq yerə çökdü ,dünya başına dolandı, özündən asılı olmayaraq sol qolunda, biləyindən yuxarı müharibənin ilk günlərində sevinclə döydürdüyü tatuirovkaya- Etibar + Sevinc = M yazısına baxmaq istədi. Çaşdı. Yazı yox idi. İlk dəfə olaraq qolunu itirdiyinə görə heyifsilənmədi.