Laylay

Füzuli uğrunda gedən döyüşlərdə doqquz döyüşçü yoldaşıyla şəhidlik zirvəsinə ucalmış
Xaçmaz rayonunun Çiləgir kənd sakini İkram Ehtiram oğlu Məmmədova həsr edirəm
.

Bakıdan qayıdan Müşfiq Sabiroba kəndində maşından düşdü. Çiləgir kəndinə marşrut avtobusu işləmədiyindən sakinlər iki kilometrlik yolu ya piyada, ya da yerli maşınlarla gedirlər. Kənd yolunda bir qədər dayandı. Maşın gözləməyə səbri çatmayıb piyada yola düzəldi. Yarım saat keçməmiş evlərinə çatdı. Fikirli olduğundan vaxtın necə keçdiyini hiss etmədi. Yol çantasını həyət qapısının yanındakı ağacdan asdı. Hava yavaş – yavaş qaralırdı. Müşfiq ani olaraq fikirləşdi: – “Əvvəlcə dostumun qəbrini ziyarət edim, sonra evə qayıdım.”
     Qəbiristanlıq çox uzaq deyildi.
     Qəbiristanlığa yaxınlaşanda qulağına laylaya oxşar səs gəldi. Dayandı. Elə bildi ki, onu qara basır. Addımlarıni yeyinlətdi. Laylay səsi açıq – aşkar eşidilirdi. Səs gələn tərəfə getməyə başladı. Bu səs  uşaqlıqdan onunla bir yerdə böyümüş İkramın anası Abdət bibinin səsi idi. Nə olduğunu anladı. Özünü saxlaya bilmədi. Onu ağlamaq tutdu. Diz üstə dayanıb Abdət ananın layla deyib qurtarmasını gözlədi.
     – Bala, rahat yat. Həmişə deyirdin ki, ana, mənə layla de, yoxsa rahat yata bilmirəm.
     Ana bir neçə dəqiqə dinməzcə dayandı. Sonra qoltuğundan əl yaylığını çıxarıb göz yaşını sildi, kəndə tərəf döndü. Müşfiq özünü göstərmədən onu sakitcə qapılarına qədər müşayiət edib, evlərinə qayıtdı.
     Hər gün qaranlıq düşməmiş Müşfiq eyvana çıxıb Abdət bibini gözləyib onu gizlincə izləyirdi. Qorxurdu ki, dostunun anası qəbirstanlığa gedərkən vəhşi heyvanla, sahibsiz itlərlə rastlaşar.
     O, bu gün də eyvana çıxmışdı. Nə qədər gözləsə də, Abdət bibi görünmürdü. Narahat olmağa başladı. Qərara aldı ki, gedib ona baş çəksin. Küçəyə çıxanda öyrəndi ki,  dostunun anası xəstədir. Cəld evə gəldi. Onun tələsik evə gəldiyini görən anası Cahan xanım təlaşla soruşdu:
     – Müşfiq, nə olub?
     – Ana, heç nə olmayıb. Səndən bir xahişim var. Qalın geyin, gedək. Hara gedəcəyimizi isə soruşma.
     Bir az gecikmişdilər. Hava qaralmağa başlayırdı.
     Anası çaşqınlıqla geyinib hazır oldu. Müşfiq onun əlindən tutdu:
     – Gedək, gecikirik.
     Anası sakitcə onun arxasınca gedirdi. Qəbiristanlığa çatdıqlarını görəndə anası qorxuya düşdü:
     – Bala, sənə nə olub? Burda nə işimiz var?
     – Ana, qorxma. Arxamca gəl.
     Müşfiq İkramın qəbrinin yanında dayandı. Anası qəbri tanıdı:
     – Bala, bu ki, İkramın qəbridir. Bura gəlməyimizi evdə niyə demədin ?
     – Ana, dostumun anası xəstədir. Onun  əvəzinə İkrama sən layla de. Abdət bibi deyirdi ki, layla deməsə balası rahat yatmır.
     Cahanı ağlamaq tutdu. Çətinliklə də olsa, İkrama layla dedi.
     Ana – bala dinməzcə evlərinə qayıdırdılar. Ürəkləri eyni sözü deyirdi:
     – “İkram bu gecə rahat yatacaq.”

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma