3000 igid şəhidin tək xanım şəhidi Arəstə Baxışovaya həsr edirəm
Məhərrəm Mustafa
Məktubə xanımın həyətinə xeyli adam yığışmışdı. Şəhid Arəstə xanımın qəbrini ziyarət etmək hamının arzusu idi. Asta – asta, dinməz – söyləməz hamı başını aşağı salıb qəbiristanlığa gedirdi. Məktubə xanımın bir əlindən nəvəsi Mərdan, o biri əlindən nəvəsi Zəhra tutmuşdu. Uzaqdan qəbir görünürdü. Qəbirə çatmağa bir qədər qalmış Zəhra nənəsinin əlindən dartınıb çıxdı və qollarını açıb qəbirə tərəf yüyürdü.
– Ana ! – deyib baş daşına çırpıldı…
Burnu zədələnmişdi. Qan axırdı. Amma Zəhra buna əhəmiyyət verməyərək üzünü anasının üzünə sürtürdü. Kənardan baxanlara bu qanlı göz yaşları Arəstənin göz yaşları kimi görünürdü. Sanki Arəstənin gözlərindən qanlı yaşlar süzülürdü. Zəhra ağlaya – ağlaya anasına:
– Ana, niyə donmusan ? Həmişəki kimi maç elə, sağalım da. Qəflətən Mərdan da nənəsinin əlini buraxıb bacısını qucaqladı.
Bu mənzərə hamını susdurmuşdu. Hamı sakitcə ağlayırdı. Balanı anadan ayırmağa heç kəsin cürəti çatmadı.