Qarabağ döyüşçülərinə ithaf edirəm.
Qurban bayramına bir gün qalmışdı. Nadir axşamçağı evə iki qoçla qayıtdı. Həyat yoldaşı İlahə onu həyətdə qarşıladı. İlahə ona təəccüblə baxırdı. Onun sualını gözləmədən dilləndi:
-Bunları qurban kəsəcəyəm.
Gördü ki,yenə də o, təəccüblə baxır.
– Nə olub sənə quruyub qalmısan?
-Heç nə olmayıb. Uşaqla da elə bu gün danışmışam. Onu demək istəyirəm ki, həmişə qurbanda bir qoç kəsirdin. İndi isə iki qoç gətirmisən.
-Bu sualın cavabını sənə bu gün yox,sabah deyəcəyəm.
…Nadir və İlahə əslən qarabağdan idilər. İkisi də bir kənddə böyümüş və evlənmişdilər. Onların ataları dost idilər. Yaylağa və qışlağa bir yerdə gedirdilər. İndi isə onlar qaçqın həyatı yaşayırdı. Oğlanları Elnur bir neçə ay idi ki,Ağdamda hərbi xidmətdə idi.
Səhəri gün Nadir yuxudan tezdən durdu. Dəstəmaz aldıqdan sonra qurban duası oxuyub hər iki qoçu kəsdi. Birini doğrayıb, paylamağı İlahəyə tapşırdı. Digərini çit parçaya büküb maşınına qoydu. Üzünü İlahəyə tutub dedi:
-Balalarımız əsgərlikdədir. Düşmənlə üz-üzədirlər. Onlar bu qurbandan yeməsələr boğzımdan bir tikə belə keçməz.
Sonra mühərriki işə salıb yola düzəldi. Yollara yaxşı bələd olduğu üçün dağlar arası kəsə yolla gedib iki saatdan sonra Elnurun xidmət etdiyi hərbi hissəyə çatdı.
Hərbi hissənin girəcəyində keçid postundakı növbətçi əsgərə Elnurun atası olduğunu və komandirlə görüşmək istədiyini bildirdi. Bir neçə dəqiqədən sonra növbətçi əsgər komandirin onu gözlədiyi barədə məlumat verdi. Nadir gətirdiyi qurban əti olan bağlamanı götürüb içəri girəndə komandir artıq hörmət əlaməti olaraq onu qarşılamaq üçün kazarmanın qabağına çıxmışdı. Qucaqlaşıb bayramlaşdılar. Nadir dilləndi:
-Balalarımız üçün qurbanlıq ət payı gətirmişəm.
Komandir sevindi. Ən yaxındakı əsgərə dedi:
-Aşbazı bura çağır.
-Bir neçə dəqiqə sonra aşbaz gəlib çıxdı. Komandir aşbaza tapşırdı:
-Ağsaqqal əsgərlər üçün qurban əti gətirib. Çalış nahara kimi hazır olsun. Elə et ki,hamıya çatsın. Heç kim kənarda qalmasın.
Sonra da üzünü Nadirə tutub dedi:
-Elnur kazarmada deyil, sərhəddə növbədədir.
…Səngərdə süfrə salınmışdı. Əsgər yeməklərindən başqa menyuda olmayan xörək də də var idi. Çavuş bildirdi ki, həmin yemək qurban ətindəndir. İştahla yeməyə başladılar. Elə bu zaman vıyıltı səsi gəldi. Bu səslə birlikdə çavuşun – “Əsgər,uzan!”- əmri eşidildi. Həyəcanlı saniyələr keçirdi. Vıyıltı səsini yaxınlıqda boğuq taqqıltı səsi əvəz etdi. Saniyələr keçdikcə əsgərlərin həyəcanı daha da artırdı. Partlayış səsi eşidilmədi. Çavuş başını yavaş-yavaş qaldırıb ətrafı müşahidə etməyə başladı. Nəzərləri özlərindən 5-6 metr aralıda səngərin torpaq divarına sancılmış partlamamış top mərmisində ilişib qaldı. Möcüzə baş vermişdi. Bir qədərdən sonra özünə gələn çavuş üzünü hələ də uzanmış əsgərlərə tərəf çevirib dedi:
-Uşaqlar,süfrəyə gəlin.
Əsgərlər iştahla yeməklərinə davam etdilər. Heç kim dillənmirdi. Hamı ürəyində müqəddəs bayram günündə səngərdə qurban süfrəsində bu qurbanın onları ölümdən qurtaran ALLAH tərəfindən qəbul olunmasına əmin oldu.