Əzizinəm, Qarabağ…

Şirin yuxum yavaş-yavaş qaçırdı. Hiss edirdim ki, səhər açılır. Gözlərimi   açmırdım. İstəmirdim ki,   yuxu məni tez tərk etsin. Axı bu yuxunu zorla, gecədən xeyli keçəndən sonra tapmışdım.İstəyimin əksinə olaraq şirin yuxu məni tərk etdi. Yenə də gözlərimi açmayıb yerimdə qurcalanırdım. Gözlərimi açdım. Könülsüz yerimdən qalxıbsu kranına doğru getdim. Yerimi yığışdırmadım. Sanki yenə də anamın: “Yekə kişisən, hələ də yerini mən yığışdırıram,” – deyə öz-özünə deyinməsini eşitmək  üçün yerimi qəsdən yığışdırmamışdım. Otağın sükutunu su kranının şırıltısı pozdu. Candərdi yuyuyanaraq kranı bağladım. Yenə də sükut. Darıxdırıcı sükut məni sıxdı. Çay içməyə də həvəsim olmadı. Qapını bağlayıb pilləkənlərlə aşağı düşdüm. Sükut pozuldu. Avtomobillərin əcaib siqnalları, sirena səsləri… Bu səslərdən “qaçmağa” başladım. Sakit bir yer axtarırdım. Necə də qəribə adamam. Özüm özümü başa düşə bilmirəm. Elə bil evdən sükuta görə qaçmamışdım. İndi də səs-küydən sükuta döğru qaçıram. Parka yetişdim. O qədər də sakitlik olmasa da məni qane edirdi. Boş yer axtarırdım.. Skamyalarda oturan olsa da boş yerlər vardı. Mən isə bu böyük şəhərdə tək qalmaq istəyirdim. Dalda bir yerdə tamam boş skamya tapıb oturdum.
Yavaş-yavaş özümə gəlirdim…. Rahat nəfəs alıram, ürək döyüntülərim qaydasına düşüb, qan təzyiqim də,  yaxşıdır. Xəzri də sərinlik gətirir.  Ağaclarda oturmuş bülbüllərin, bəzək kollarının arasından i qaratoyuqların cəh-cəhi eşidilirdi.Bir az aralıda qovaq ağacının kölgəsində ahılların kimisi şahmat oynayır, kimisi  kəklikotulu çay içərək şirin-şirin söhbət edirdi.Nədənsə onlara qoşulmayıb, seyr etməklə kifayətlənirdim. Kəkliotunun ətri gül və çiçəklərin ətri ilə qarışaraq xoş  rayihə yaradırdı.     Bu rayihəni ciyərlərimə çəkməkdən doymurdum.Bir az aralıda bir neçə yaşlı qadın bir-birilərinin üzünə baxmayaraq, söhbət edə-edə nəsə toxuyurdu. Onlardan azca aralı uşaqlar  oynayırdı.Arabir onlardan biri aralanaraq anasının yanına qaçır və barmağı ilə dəstədə hansı uşağısa göstərərək nəsə deyirdi. Ana əyilərək uşağın qulağına yavaşca, eşitmədiyim səslə pıçıldayır. Şikayətçi uşaq yenidən dəstəyə qoşulur. Mən də uşaqlara qoşulmaq istəyirəm. Gizlənpaç, qaçdı-tutdu, çiling ağac, bənövşə-bənövşə, qazlarım-qazlarım oynamaq istəyirəm. Anamın yanına qaçıb uşaqlardan şikayət etmək istəyirəm. Ağlamaq istəyirəm. İstəyirəm ki, anam başımı tumarlasın, qucaqlasın…

           Qəfil bir səs məni xəyallardan ayırdı. Bir vaxt gerçək olan  xəyallardan ayrılmaq istəmirdim.Fikrim məni xəyallardan ayıran, əlində yandırılmamış siqaret tutan yeniyetmədə qalmışdı.Nə dediyini eşitmirdim. Qəribədir, diqqətim mənə lazım olamayan bu yeniyetmənin oğlan və ya qız olduğunu ayırd etməyə yönəlmişdi.Özüm də bilmirdim ki, bu, mənim nəyimə lazımdır? O səs bir də eşidildi: “Dayday, səninləyəm e, yandırmağa “zajqalkan” var?” Məni xoş xəyallardan ayıran yeniyetmənin üzünə baxa-baxa qalmışdım.  Cavab vermək iqtidarında deyildim. Boğulmağa başladım, nəfəsim çatmırdı. Tərslikdən öskürək də başladı. “Niçeqo ne ponil”-deyərək  çiyinlərini çəkərək uzaqlaşdı. Qulaqlarım uğuldayırdı.İki əllə qulaqlarımı tutdum. Əksinə qulaqlarımda səs-küy,  dahada artdı. Bu səs-küydən “qaçmağa” başladım.Nağıllarda olduğu kimi, sağa getdim, sola getdim, düz getdim.Enli pilləkənlərlə, tələsə-tələsə aşağı düşən insanları gördüm.Bir az dayanmağa üstünlük verdim. Düşənlərin ardı-arası kəsilmirdi. Elə bil bu boyda şəhərin boyüklü-kiçikli bütün əhalisini  doymaq bilməyən nəhəng bir əjdaha kimi udacaqdı.Bu pilləkənlərin  nə olduğunu aydınlaşdırmaq istəyirdim.  Girəcəkdə  dairəvi lövhədə M hərfi yazılmışdı. İnsan axını  çoxalmışdı.Geri qayıtmaq müşkül idi. Bir də gördüm i”sehrli” pilləkənlərdəyəm. Yerimdə dayansam da məni həmin pilləkənlər aparırdı.
Birdən qəfil səs gəldi:”-hörmətli sərnişinlər”… Bu xoş səsin kəsilməyini istəmirdim. Qatar dayandı.Qapılar açıldı.Yenə o xoş səsi eşitdim: “-qapılar bağlanır”… Qatar sürətlə uzaqlaşırdı.Təkərlərinin səsi eşidilməz oldu. Yenə də sakitlik, sükut. Bu qədər geniş yerdə, yerin altında iki nəfər qalmışdıq.Bir mən, bir də əynində uniforma olan bir qız. Geyimi qızın gözəlliyini  daha da  artırırdı.Yadıma bir atalar sözü düşdü: “Gözəllik ondur doqquzu dondur” Ürəyimdə güldüm.Qəlbimin səsinə qulaq asmağa başladım.Qəlbimdəki səs get-gedə çoxalırdı:”- əzizinəm, Qarabağ… yaddan çıxmaz Qarabağ”.        Bu, Seyidin səsi idi.Bu səsi elə bil anadan olanda həmişəlik beynimə həkk etmişdilər.Mənə elə gəlirdi ki,bu səs məni o dünyada da tərk etməyəcək. Gah Şuşa qayalarına dırmanır, gah Bazar düzündə at çapır, gah da İsa bulağının gözündən su içirdim.Yenə o xoş səs məni xəyallardan ayırdı
.Bu sükutu pozan həmin o ikinci nəfər idi. İndi onu yaxından görürdüm. Qarşımda üzündə təbəssüm olan bir mələk dayanmışdı. Bu”mələk” dilləndi:

-Baba, hara  getmək istəyirsiniz?

-Qarabağa.

Mələyin üzündəki təbəssüm kədərlə əvəz olundu.

Qəlbimdəki səs isə get-gedə yüksəlirdi:əzizinəm, Qarabağ…yaddan çıxmaz Qarabağ…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma