Bir neçə gün idi ki, yay girmişdi. Dənizdən əsən meh özü ilə sərinlik gətirirdi. Arabir qaratoyuqların səsinə bülbüllərin də səsi qarışıb könül oxşayırdı. Gün çıxmamış Fizuli müəllin dəryazı çiyninə alıb bağdakı ağaclarınn altından çıxan cırlara vurulmuş calaqların ətrafını alaqdan təmizləmək üçün bağa yollandı. Bağa çatıb çantasından bülöv daşını çıxardı. Dəryazını itiləyib işə başladı. Cavan zoğların ətrafını əllə təmizləyir, qələmdən aralıdakı alaqları dəryazla biçirdi. Növbəti qələmin ətrafını təmizləyərkən qəflətən əlinin yaxınlığından bir ilan dik qalxıb onunla üz – üzə dayandı. Filmlərdə ilantutanların hərəkətlərini fikirləşən Fizuli sağ əliylə ilanın baxış istiqamətini yana çəkib cəld sol ayağıyla ilanın boynunu tapdaladı. Ayağa qalxıb
dəryazı almaq üçün əyilən vaxt hiss etdi ki, ayağı bərk sıxılır. Nə görsə yaxşıdır. Tünd göy rəngli çox gözəl görkəmli qəribə parıltılı bir ilan ayağına sarılmışdı. Müəllim çöl – bayır adamı olduğu üçün özünü itirmədi. Cəld sol əliylə ilanın quyruq tərəfindən yapışıb zorla ayağından açdı. Dəryazla başına döyəcləyib uydurdu. Qüvvəsini itirən ilan uzanılı qaldı. O, əvvəl istədi ki, ilanın başını əzsin. Lakin onun heyrətamiz gözəlliy
ini görüb fikrini dəyişdi. İlanla selfi çəkmək istədi. Ani qərara gəldi ki, belə fürsət bir də ələ düşməz, fotosunu çəksə əla olar. Fizuli müəllimi tanıyanlar bilir ki, o foto həvəskarıdır, hara getsə özü ilə fotoaparat aparır. Müəllim kameranı götürmək üçün onu asdığı ağaca yaxınlaşdı. Kameranı alıb ilana tərəf çevriləndə ilan yoxa çıxmışdı. Nə qədər o yan – bu yanı axtarsa da, ilanı tapa bilmədi. Yaxınlıqdakı kötüyün üstündə oturub özünə gəldi. Artıq işləmək həvəsində deyildi. Dəryazı çiyninə qoyub kəndə tərəf üz tutdu. Ürəyində danışırdı: “ Bu yaşa çatana qədər başıma çox işlər gəlib. Bircə ilanın tülkülüyünü görməmişdim. Onu da gördüm.”