Möhkəm xəstələnmişdim. Evdəkilərin arasıkəsilməz məsləhətlərinə qulaq asaraq həkimə getməyi qərara aldım.
– Həkim məni müayinə etməyə başladı. Ailə vəziyyətimə aid suallar verirdi. Məndən soruşdu:
– Qızın varmı ?
Cavab verdim:
– Ay həkim, qızım olsaydı heç xəstələnərdim ?
Həkim susdu. Fikrə getmişdi. Mən də ondan soruşdum:
– Bəs sənin necə, qızın varmı ?
Bir qədər susduqdan sonra cavab verdi:
– Mən qızımı itirmişəm.
Mən də dedim:
– Allah rəhmət eləsin !
O cavabında:
– Sən səhv başa düşdün, mənim qızım ölməyib. Mən qızımı hələ də tapa bilmirəm.
Həkim xəyala dalaraq:
– Qızımın məktəbə getməsinə bir ildən az qalmışdı. Amma o, mənə məktəb ləvazimatlarının hamısını aldırmışdı. Onun üçün aldığım çanta, kitablar, qələm, dəftər, xətkeş – hamısı yadımdadır. Amma qızım məktəbə gedə bilmədi. Onu itirdim.
– Həkim, olarmı sənə bir sual verim ?
– Əlbəttə.
– Qızını necə oldu itirdin ?
– Mən onda hərbi xidmətdə idim. Qızımı onda itirdim. Xocalıda…
Həkimin əlindəki təzyiq ölçən yerə düşdü. Bu səsdən diksindim. Çevrilib həkimə baxdım. O heykələ dönmüşdü. Onun gözləri yaşla dolmuşdu. Xəstəliyim yadımdan çıxdı. Sarsıldım. Onun bu müsibətinə dözə bilməyib sağollaşmadan astaca qapıdan çıxdım.
19.09.2022
Məhərrəm Mustafa