Cənnətdən gələn qonaq.

Xaçmaz rayonunun Xaspoladoba kəndindən olan şəhid İmamov Rəhim Rauf oğlunun xatirəsinə həsr olunur

Səhər yenicə açılırdı. Azan səsi, bir – birlərinə macal vermədən banlayan xoruzların və arabir də tənbəl – tənbəl hürən itlərin səsi gəlirdi.
Amma köhnə kişilərdən olan Raufun evində çaşqınlıq vardı. Hər səhər, həyat yoldaşı Yasəmən sübh azanı verilər – verilməz oyanıb dəstəmaz alar, qəhvədanı su ilə doldurub qaynamağa qoyar, qaynayana qədər, namazını qılar, sonra da çayı dəmə qoyardı. Dəmə qatılmış kəklikotu və qaraqınığın ətri evə yayılardı. Bu dəmin ətrinə oyanmağa Rauf vərdiş olmuşdu. Bu gün isə onu yuxudan oyadan oğul itkisindən sonra qaradinməz olmuş, dindirməsən danışmayan Yasəmənin hay – küyü idi. O, mat qalıb heç nə anlaya bilmirdi. Bu səs – küyə gəlin də oyanmışdı. Gəlini görən Yasəmən onu çağırdı:
– Gəlin, sandığın açarını sənə vermişdim, gətir, sandığı aç.
Gəlin yerindən tərpənmədi.
– Səninləyəm eee, açarı gətir, sandığı aç!
Gəlin qayınatasının üzünə baxdı.
– Hə qızım, anan deyəni elə.
Gəlin açarı gətirdi. Çoxdan açılmayan sandığın qıfılını çətinliklə aça bildi. Sandığın açılmasını səbirsizliklə gözləyən Yasəmən gəlinə göstərişlər verirdi:
– Sol tərəfdə aşağı küncdə xına var, onu çıxarıb isti su ilə islat. Ortada dəsmalın arasındakı güllü donumu da çıxarıb ütülə. Sağda, üst tərəfdə ağ parçanın arasında xına rəngli gəlinlik kəlağayım var, onu da çıxarıb ütülə. Qayınatanın uşaq alan kostyumunu və ağ köynəyini də ütülə, qaragül papağını da gətir…
Kənddə xəbər tez yayılır. Səhər erkən olmasına baxmayaraq, səs yayıldı ki, Yasəmən havalanıb. Demək olar ki, bütün kənd Raufgilə yığışırdı. Kişilər həyətdə, qadınlar da Yasəmənin yanında idi. Hamı təəccüblə saçı, əl – ayağı xınalı, güllü don geymiş, başına xına rəngli kəlağayı bağlamış, bir gecədə cavanlaşmış, qaradinməz adamdan deyib – gülənə çevrilmiş bu qadına və şux geyinmiş Raufa baxırdı. Heç kim də onları dindirməyib, bir – birilərinə təəccüblə baxıb çiyinlərini çəkirdilər. Gələnlər yavaş -yavaş dağılışırdı. Rauf həyətdə oturub qalmışdı. Bilmirdi ki, neyləsin. Birtəhər ayağa qalxıb, ağır – ağır evə keçdi. Yasəmən cəld ayağa qalxdı:
– Hardasan, ay kişi ? Gəl çıx da !
Sonra üzünü gəlinə tutdu:
– Ay qızım, yaxşı bir cay dəmlə, çoxdandır gəlin çayı içməmişik.
Gəlin təəccüblə ona baxa – baxa çay dəmləməyə keçdi. Axı çayı həmişə özü dəmləyərdi, onu qoymazdı. Gəlin həvəslə çay süfrəsi açdı. Yasəmən də həvəslə çayı bəh – bəh edə – edə içdi.
– Gəlin, birini də süz.
Bu stəkanı da içib onlara baxdı.
– Bu gözəl çaydan niyə içmirsiniz?
Rauf dilləndi:
– Ay Yasəmən, boğazımızdan çay keçir? De görüm nə baş verir, nə olub? Deməsən içməyəcəyik.
– Çay soyuyur, için, deyəcəyəm.
Onlar çaylarını içib yenidən gözlərini ona zillədilər. O, bir neçə dəfə dərindən nəfəs aldı.
– Bu gecə bizə qonaq gəlmişdi.
Gəlin və qayınata ikisi də eyni vaxta dilləndi:
– Nə qonaq ?
– Oğlumuz, bəli, oğlumuz. Bu gecə gəlmişdi. Təsbeh çevirərək zikr edirdim. Qəflətən qapı açıldı, oğlumuz idi, üzü nur saçırdı, çox sevincək idi. O üzümdən, bu üzümdən öpüb soruşdu:
– Ana, niyə kədərlisən ? Niyə qara geyinmisən ?
Başımdakı qara çadranı açdı.
– Saçların ağarıb ki, saçlarına xına qoy, xına rəngli kəlağayını bağla. Ana, niyə yas saxlayırsınız ? Mən ki, ölməmişəm, cənnətdə yaşayıram.
Sonra övladları Nihadın və Fatimənin üzündən öpərək dedi:
– Qoy yatsınlar. Oyatmayın.
Mənə tərəf çevrildi:
– Ana, mən gedirəm.
– Ay oğul, niyə tez gedirsən ?
– Ana, tələsirəm.
– Ay bala, hara tələsirsən ?
– Şəhidlər məni gözləyir, onların yanına tələsirəm.

Məhərrəm Mustafa

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma