Cənnətdən gələn qonaq.

Şəhidlərimizə həsr olunur

Səhər yenicə açılırdı. Azan səsi, bir-birlərinə macal vermədən banlayan xoruzların və arabir də tənbəl-tənbəl hürən itlərin səsi gəlirdi.

Amma köhnə kişilərdən olan Nəzərəlinin evində çaşqınlıq vardı. Hər səhər,  həyat yoldaşı Gülsənəm sübh namazı verilər – verilməz oyanıb dəstəmaz alar, qəhvədanı su ilə doldurub qaynamağa qoyar, qaynayana qədər, namazını qılar. Sonra da çayı dəmə qoyardı. Dəmə qatılmış kəkliotu və qaraqınığın ətri evə yayılardı. Bu dəmin ətrinə oyanmağı Nəzərəli özünə adət etmişdi. Bu gün isə onu yuxudan oyadan həmişə qaradinməz olan, dindirməsən danışmayan Gülsənəmin hay-küyü idi. O, mat-mut qalıb heç nə anlaya bilmirdi. Bu səs-küyə gəlin də oyanmışdı. Gəlini görən Gülsənəm onu çağırdı:

-Gəlin, sandığın açarını sənə vermişdim, gətir,sandığı aç.

Gəlin yerindən tərpənmədi.

-Səninləyəm  eee, açarı gətir, sandığı aç!

Gəlin qayınatasının üzünə baxdı.

-Hə qızım, anan deyəni elə.

Gəlin açarı gətirdi. Nə qədər çalışsa da, qıfılı aça bilmədi. Nəzərəli də aça bilmədi. Gəlinə dedi:

-Sarayda neft lampası var, onu gətir.

Gəlin cəld gedib gətirdi. Nəzərəli lampanı açıb açarın bir hissəsini bir neçə dəfə neftə batıraraq qıfılı açdı.

Sandığın açılmasını səbirsizliklə gözləyən Gülsənəm gəlinə göstərişlər verirdi:

-Sol tərəfdə aşağı küncdə xına var, onu çıxarıb isti su ilə islat. Orta tərəfdə dəsmalın arasındakı  güllü donumu da çıxarıb ütülə. Üst tərəfdə ağ parçanın arasında xına rəngli gəlinlik kəlağayım var, onu da çıxarıb ütülə. Qayınatanın da uşaq alan kostyumu , ağ köynəyi də ütülə, qaragül papağını da gətir.

Kənddə xəbər tez yayılır. Səhər erkən olmasına baxmayaraq, səs yayıldı ki, Gülsənəm havalanıb. Demək olar ki, bütün kənd Nəzərəligilə yığışırdı. Kişilər həyətdə, qadınlar da  Gülsənəmin yanında idi. Hamı təəccüblə saçı, əl-ayağı xınalı, güllü don geymiş, başına xına rəngli kəlağayı bağlamış, bir gecədə cavanlaşmış, qaradinməz adamdan deyib-gülənə çevrilmiş bu qadına və şux geyinmiş Nəzəliyə baxırdı. Heç kim də onları dindirməyib, bir-birilərinə təəccüblə baxıb çiyinlərini çəkirdilər. Gələnlər yavaş-yavaş dağılışırdı. Nəzərəli həyətdə oturub qalmışdı. Bilmirdi ki, neyləsin. Birtəhər ayağa qalxıb, ağır-ağır evə keçdi. Gülsənəm cəld ayağa qalxdı:

-Hardasan, ay kişi? Gəl çıx da!

Sonra üzünü gəlinə tutdu:

-Ay qızım, yaxşı bir cay dəmlə, çoxdandır gəlin çayı içməmişik.

Gəlin təəccüblə ona baxa-baxa çay dəmləməyə keçdi. Axı çayı həmişə özü dəmləyərdi, onu qoymazdı.  Gəlin həvəslə çay süfrəsi açdı. Gülsənəm də həvəslə çayı bəh-bəh edə-edə içdi.

-Gəlin, birini də süz.

Bu stəkanı da içib onlara baxdı.

-Bu gözəl çaydan niyə içmirsiniz?

Nəzərəli dilləndi:

-Ay Gülü, boğazımızdan çay keçir? De görüm nə baş verir? nə olub? Deməsən içməyəcəyik.

-Çay soyuyur, için, deyəcəyəm.

Onlar çaylarını içib yenidən gözlərini ona zillədilər.

O, bir neçə dəfə dərindən nəfəs aldı.

-Bizə bu gecə qonaq gəlmişdi.

Gəlin və qayınata ikisi də eyni vaxta dilləndi:

-Nə qonaq?

Oğlumuz, bəli, oğlumuz. Bu gecə gəlmişdi. Təsbeh çevirərək zikr edirdim. Qəflətən qapı açıldı, oğlumuz idi, üzü nur saçırdı, çox sevincək idi. O üzümdən bu üzümdən öpüb soruşdu:

-Ana, niyə kədərlisən? Niyə qara geyinmisən? Başımdakı qara çadranı açdı. Saçların ağarıb ki, saçlarına xına qoy, xına rəngli kəlağayını bağla. Ana niyə yas saxlayırsınız? Mən ki ölməmişəm, cənnətdə yaşayıram.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma