Payızın ortaları olmasına baxmayaraq havalar soyuyurdu. Qış sanki vaxtından əvvəl payızı qovub yerini tutmaq istəyirdi. İri damcılı yağış gah yağır,
gah da kəsilirdi.Çinar ağacları yarpaqlarını yuxarıdan tökürdü. Ağsaqqallar deyirlərki, bu il qış sərt keçəcək.
Süleyman papaqçı dükanının qabağından keçərkən Qulam kişi onu səslədi:
-Süleyman, ay Süleyman, içəri gəl.
O, tələsməyinə baxmayaraq etiraz etməyib içəri keçdi.
-Hə, qardaş, eşidirəm.
-Süleyman, yadındadır demişdin ki, papaq tikdirmək istəyirsən. Dostlarım Özbəkistandan mənə cürbəcür rəngdə quzu dərisi göndəriblər. Bax, hansından deyirsən ürəyin istəyən bir papaq tikim,- deyib piştaxtanın üstünə sərdiyi dəriləri göstərdi.
-Qardaş, nə deyim ?! Sözün düzü, mən bilmərəm, özün bilən məsləhətdir.
Qulam hiss etdi ki, Süleyman ürəksiz danışır. İşin nə yerdə olduğunu başa düşdü.
-Süleyman, bax,saçının , gözlərinin, sifətinin görünüşünə və yaşına görə bu dəri yaxşıdır. Bir də ki, səndən ancaq dəri neçəyə başa gəlibsə, onun pulunu alacağam. Onu da indi istəmirəm, armud yetişəndə verərsən,- deyib gülümsədi.
-Hə, yaxın gəl ölçünü götürüm,- deyə boynundan aşırılmış yumşaq metrəni əlinə aldı.
Süleyman ayağa durub getmək istədiyini bildirdi. Qulam kişi:
-Çayniki qoymuşam dəmə.
Özünü vermə qəmə…
Elə şey yoxdu,çay içməmiş gedə bilmərsən,-deyib onu saxladı.
Süleyman heç nə demədi. Çayını içib sağollaşıb çıxdı.
Üstündən bir həftə keçmişdi ki, Süleyman papaqçı Qulamın yanına keçib salam verdi:
-Əleyk salam, yaxşı gəlmisən, papaq hazırdır və öz əlilə papağı onun başına qoydu.
-Keç güzgünün qabağına.
Süleyman özünə baxdı. Xeyli fərqli görünürdü. Papaq ona elə yaraşırdı ki, hətta bu vaxta qədər tikdirmədiyinə peşman olmuşdu.
Süleyman öz tay-tuşları ilə dingədə toplaşıb deyb gülürdü. Oğlu Elman onlara yaxınlaşıb, hamı ilə bir-bir görüşü, ona çatanda isə o üzündən, bu üzündən öpüb qucaqladı və diiləndi:
-Ata,bilirsən nə var? Mən səni lap çox, laap çox, dünyalar qədər istəyirəm…
Əslinə qalanda burda qəbahət bir şey yox idi. Amma məsələ onda idi ki, oğul həddən artıq sərxoş idi. Nə danışdığını zorla başa düşmək olurdu. Ayaq üstə çətinliklə dayanırdı. Hamının diqqəti Süleymana yönəlmişdi. O isə onların mənalı baxışlarına dözə bilmirdi. O, hiss edirdi ki, bu baxışlar gah onun papağına, gah da gözlərinə dikilib. Bir-bir sağollaşıb dağılışdılar. Dingdə təkcə ata və oğu qaldı. Süleyman da oğlunun danşığına axıradək qulaq asmayıb papağı başından çıxarıb qoltuğuna vurdu.
-Bala, mən sənə çox dedim adam ol, olmadın. Mənə oğul yox, bəla oldun. Mənə bir papağı da qoymağı çox gördün. Sənin kimi oğlu olan ata bu papağı qoymağa layiq deyil! Bunları deyib evə getdi.
Gecənin bir vaxtı Fəridə yuxudan oyandı . Mətbəxə keçib qrafindən yarım stəkan su süzüb birnəfəsə içdi. Bu şəkər də qoymaz adam kimi yataq,- deyərək yataq otağına keçdi. Ötəri həyat yoldaşı Süleymanın yatağına baxdı. O, yerində yox idi. Vallah çaşıb qalmışam. Bu kişi gecələr yoxa çıxır,-deyib həyətə düşdü. Gördü ki, Süleyman bağın aşağı tərəfində kötüyün üstündə oturub. Zəif də olsa siqaret közərtisi görünür, arabir pıçıltı səsi gəlsə də aydın eşidilmirdi. Onu astaca çağırdı:
-Sülü, ay Sülü.
Cavab gəlmədi. Fəridə ona yaxınlaşdı. Artıq Süleymanın nə pıçıldadığını eşidirdi:
-Bağışla məni, sənə layiq ola bilmədim,qoruya bilmədim,nə edəcəyimi bilmədim. Dərdimi qəlbimdə, səni də burda öz əllərimlə dəfn etdim. Məni baışla.
Süleyman geri döndü. Onların baxışları toqquşdu. Bədirlənmiş ayın işığında Fəridənin üzündə qorxu və həyəcan sezilirdi. Heç biri dillənmirdi. Bu sükut uzun çəkdi. Süleyman sakitcə Fəridəni qucaqlayıb kövrək səslə pıçıldadı:
-Fəridə, qorxma, arxayın ol, mən qatil deyiləm, nə də ki, dəli olmuşam. Axı mən aktyoram.
Fəridə dərindən nəfəs aldı.