Güllələnmiş ad günü

                                                 Pirəli Rüklü və 20 Yanvar şəhidlərinə  həsr olunur.

    Qubada qış ayı həmişə sərt keçir. Bu gecə də yağan qar bütün yolları, izləri görünməz etmişdi. Pirəli  9 yanvarda avtomobil qəzasında aldığı xəsarətlərdən tam sağalmamasına baxmayaraq asta-asta yeriyib həyətə düşdü. Ciyər dolusu nəfəs alıb, dağlara tərəf çevrildi. Yenicə çıxmış günəşin şüaları bərq vuraraq əsrarəngiz gözəllik yaradırdı. Evdən həyat yoldaşı Mafizənin səsi gəldi:

-İçəri gəl. Bayır soyuqdur.

Pirəli tərpənmədi. Gözləri  onu ovsunlamış dağlarda ilişib qalmışdı. O qədər yaxın idi ki, elə bil əl atsaydın  çatardı. Mafizə onu təkrar çağırdı:

-Niyə gəlmirsən?  Ad günündə, deyəsən, xəstələnmək istəyirsən.

-Dağlar məni gəlməyə qoymur.

-Vallah, bu şairlərdən heç baş açmaq olmur. Mənə deyirdilər ki, onların gözü səndə olmağına baxma, fikirləri, xəyalları dağda-arandadır.

Bu gün Pirəlinin ad günü idi. Bir azdan iş yoldaşları gələcəkdi. Həmişə onlar ad günlərini bədii rəhbər işlədiyi Hacıhüseynli kənd mədəniyyət  evinin yaxınlığındakı yeməkxanada keçirərdilər. Amma məlum səbəbdən Pirəli  bu ad gününü evdə  keçirməyi qərara almışdı.

O, içəri keçib sobanın üstündəki yan-yana düzülmüş dopulara baxdı.

Yoldaşı dilləndi:

-Bu vaxta bişər.

-Həl bişsə daha yaxşıdı, vaxtına var. Sənə zəhmət  olmasın televizoru qoş, baxaq görək nə var nə yox.

-Ay kişi, televizor,deyəsən, xarab olub. Heç yeri göstərmir.

-Eybi yox, onda radionu aç, səsin də azalt. Televizor da  bir azdan göstərər,-deyərək gülümsədi.

Sobanın üstündəki dopuları qırağa çəkdi. İş yoldaşları ona zarafatla da olsa şərt qoymuşdular:

– Ad günündə piti olacaqsa gələcəyik.

-Sozü zarafatla deyərlər. Baş üstə. İstəyirsiniz lap xaş da hazırlayım.

-Qardaş, xaşla  piti tutmaz. Piti olsa bəsimizdi.

Odur ki, qonşusunu Yenikəndə usta Əhmədpaşanın yanına göndərib 10 ədəd dopu gətizdirmişdi.

Saat təxminən 10 olardı. İş yoldaşları və qonşulardan  da bir neçə  nəfər  gəlib masa arxasında oturmuşdular.  Ən yaşlısı dilləndi:

-Elimizin adəti var: “İsti yeməkdən qabaq çay!”

Süfrəyə çay düzüldü. Hamı həvəslə çay içirdi. Elə bu an radionun gur səsi eşidildi:

-Azərbaycan Radiosunun informasiya studiyasının məlumatı:- Əziz həmvətənlər, bu gecə Azərbaycana qarşı rus-sovet  qoşunları tərəfindən təxribat törədilmişdir. Televiziyanın enerji bloku partladılaraq sıradan çıxarılıb. Dinc əhali güllə-baran edilmiş, tanklar, zirehli maşınlar insanların, avtomobillərin, hətta təcili yardım maşınının üzərindən keçmişdir…

Hamı donub qalmışdı, heç kim dillənmirdi. İçdikləri çay da yarımçıq qalmışdı.

Uzun sürən sükutdan sonra Pirəli  ayağa durdu. O,elə bil əvvəlki adam deyildi,  rəngi ağarmış, beli bükülmüşdü. İnandırıcı deyildi. İnsan da  bu qədər dəyişərmiş. Dəfələrlə udqunaraq,dərindən ah çəkib, boğuq və xırıltılı səslə dilləndi :

-Əzizlərim,bundan sonra  ömrümün axırınacan ad günüm olmayacaq , ad günüm  güllələndi!

Məhərrəm Mustafa

 

 

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma