Məktəblərdə sabahdan payız tətili başlayırdı. Dərsdən sevincək qayıdan Əli məktəbli çantasını divanın üstünə qoyub, əynindəki gödəkçəni də çıxarıb asılqandan asdı.
– Ana, mən bağa gedirəm.
– Ay bala, hava soyuqdur, heç olmasa əyninə yun köynək geyin.
– Hava yaxşıdır, bir də ki, bir – iki alma dərib gəlirəm.
– Baban almaları dərib yeşiklərə yığıb. Düş aşağı, alt mərtəbədəki otaqdadır.
– Yox, ay ana, ağacdan dərib yeyəndə daha ləzətli olur.
Anası daha bir söz demədi. Axı, elə özü də meyvəni ağacdan dərib yeməyi xoşlayırdı.
Payız olsa da ağacların yarpaqları az tökülmüşdü. Əli ağaca dırmaşıb alma axtarmağa başladı. Babası almaları səliqə ilə yığmışdı. Çətinlklə də olsa cəmi bir alma tapdı və ağacdan enmək istədi. Düşməyinə az qalmış bağda eşələnən iri xoruz ağacın altını kəsdirdi. Əli əvvəlcə ona əhəmiyyət vermədi. Elə ayağını yerə qoymaq istəyirdi ki, xoruz tullanıb ayağına güclü bir dimdik vurdu. Tez ayağını yuxarı çəkdi və bir qədər gözlədi ki, xoruz çıxıb getsin.Amma tərs xoruzun getmək fikri yox idi. Əksinə, daha da hirsli – hirsli üstünə tullanıb onu dimdikləməyə cəhd edirdi. Əli gördü ki, ağacdan düşə bilməyəcək. Həm də üşüməyə başlamışdı. Belə vəziyyətdə çox qalmalı olacaqdı. Odur ki, anasını çağırmağa başladı:
– Ana!, Ana!, Ay ana!.
Cavab gəlmədiyini görüb babasını səslədi:
– Babaa! Babaa!. ay babaa!.
Küçə qapısından icəri daxil olan Nəzərin qulağına səs gəldi. Ayaq saxlayıb diqqətlə qulaq asdı. Səs bağdan gəlirdi. Özünü cəld bağa yetirdi. Gördüyü mənzərəyə gülməyi tutdu. Əlini Əliyə uzatdı:
– Almanı mənə ver.
– Bəs mən?
– Sən gözlə.
– Baba üşüyürəm.
– Kişi deyilsən? Gözlə də.
Nəzər almanı alıb ağacdan bir qədər aralandı. İndi də xoruz cumub onu dimdikləyirdi. Ona əhəmiyyət verməyib cibindən bıçağı çıxardı və almanı iki yerə böldü. Əvvəlcə yarısını xoruza, o biri hissəsini də Əliyə verdi.
– Hə, indi düşə bilərsən.
Baba və nəvə əl – ələ tutub evə gedirdi. Əli tez – tez arxaya çevrilib hay – küylə alma didişdirən xoruza baxırdı. Bunu duyan baba dilləndi:
– Daha qorxma, o səndən alma istəyib, sənsə onu başa düşməmisən.