Cəfər qəbul otağının qapısnı döydü. İçəridən cavab gəlmədi. Bir qədər gözləyib yenə döydü. Bu dəfə də cavab gəlmədi. Özlüyündə fikirləşdi ki, yəqin içəridə heç kim yoxdur. Qapının dəstəyini burub ehmalca itələdi. Kresloda ayağını ayağının üstünə aşırıb oturmuş cənc qız laqeyd baxışlarıyla onu süzdü:
– Rəis yoxdur. Əvvəlkini çıxardıblar. Təzəsi də hələ gəlməyib. Katibənin gözləri nədənsə onun nimdaş pencəyində ilişib qaldı. Cəfər sıxıla – sıxıla dilləndi:
– Zəhmət olmasa rəisin otağının qapısını açın. Ürəyində isə
sıxıldığına görə özünü danladı. Qiz tərpənmədi.
– Xanım qız, qapını niyə açmırsınız? Katibə sual dolu baxışlarıyla ona baxaraq soruşdu:
– Heç nə başa düşmədim. Qapını niyə açmalıyam? Cəfər səhvini başa düşdü. O, özünü təqdim etməmişdi.
– Hə, xanım, bu idarəyə yeni təyin olunmuş rəis mənəm. Adım da Cəfərdir.
Katibə çaşğınlıqla açarları siyirmədən çıxarıb qapını açdı. O içəri keçib yerində əyləşdi. Katibə dili dolaşa – dolaşa soruşdu:
– Cəfər müəllim, çay hazırlayımmı?
– Yox, şöbə müdirlərini bura çağır. Az sonra işçilər gəlib dəyirmi masa arxasında əyləşdilər. Cəfər ayaq üstə dayanmış katibəyə buyurdu:
– Xanım qız, bizə çay gətir.
İşçilərə tərəf baxanda onların üzündəki təəccübü sezdi. Amma nə qədər fikirləşsə də səbəbini bilmədi. İşçiləri ləngitmədi. Onlara müəssisənin fəaliyyətinin inkişafı üçün təkliflər hazırlamağı tapşırdı. İkinci iş günü qəbul otağına daxil olan kimi katibə cəld ayağa qalxdı və irəli gəlib qapını açdı:
– Buyurun, Cəfər müəllim. O, içəri keçdi, pencəyini çıxarıb asmaq üçün şkafın qapısını açdı. Şkafda təzə pencək asılmışdı. Katibəni səslədi:
– Bu pencək kimindir? Axı, dünən yox idi.
– Cəfər müəllim, bu Sizə hədiyyədir.
– Necə yəni hədiyyə? – Onu Sizə elə adam hədiyyə edib ki, qaytarmaq məsləhət deyil. O, bizim ağsaqqalımızdır. Cəfər artıq hirslənirdi.
– Kimdir axı o?
– Bahadır dayı. Otağın qapısı açıldı, içəri yaşlı bir adam daxil oldu. Katibəyə işarə etdi ki, çıxsın.
– Oğul, məni səhv başa düşmə. Bu pencəyi indi almamışam. Oğlum zabit idi. Mənə zəng etdi ki, ona məzuniyyət verəcəklər. Ad gününü evdə bizimlə birgə keçirəcək. Mən də bu pencəyi onun ad gününə hədiyyə aldım. Bunları deyib dərindən nəfəs alıb susdu.
– Bəs sonra? Cavab gecikdi:
– Ad günü keçirmək qismət olmadı. Oğlum şəhid oldu. Cəfər donub qalmışdı.
… Fevral ayının axırı idi. Cəfər əlindəki qaralama yazıları kompyuterdə yığmaq üçün yaxınlıqdakı ofisdə işləyən Nəzərə verdi. Heç yarım saat keçmədi ki, mətn hazır oldu. Alıb çölə çıxdı və dərhal da geri qayıtdı.
– Güclü sulu qar yağır. Bir az oturmağı qərara aldı. Sulu qar kəsmək bilmirdi. O, artıq soyuqdan titrəyirdi. Bunu görən Nəzər əynindəki pencəyi çıxarıb ona verdi:
– Mənim yerim istidir, al geyin, yoxsa soyuqlayarsan.
– Sabah qaytaracağam, – deyib sağollaşıb getdi.
Bir neçə gündən sonra pencəyi qaytarmaq üçün Nəzərin yanına getməyi qərara aldı. Onun işlədiyi yer qıfıllı idi. Yaxınlıqdakı saatsazdan onu xəbər aldı. Onun cavabı Cəfəri fərəhləndirdi. Nəzər aprel döyüşləri başlayanda hərbi komisarlığa müraciət edib könüllü hərbi xidmətə gedib. Cəfər özünə söz verdi ki, təzə pencək almayacaq, Nəzər gələnə kimi onun pencəyini geyinəcək. Onu xəyaldan Bahadırın səsi ayırdı:
– Oğul, səni görən kimi oğlum yadıma düşdü . Əkiz qardaş kimi bir – birinizə çox oxşayırsınız. Bunları deyib Cəfəri qucaqladı. Hönkürtü səsinə gələn katibə onlara baxaraq donub qalmışdı.