Dəlidağın Harayı

 

Dəl Yaz yenicə girmişdi. Gecələr ayaz, gündüzlər mülayim keçirdi. Axşam işdən yorğun gələn Mövlan televizorun pultunu əlinə alıb, xəbərlər proqramına baxa-baxa  yuxulamışdı. Həyat yoldaşı Xanım onu süfrəyə çağırmaq üçün otağa keçdi. Onu   oyatmağa qıymadı. Üstünü yüngül yorğanla örtüb işığı və televizoru keçirib, ehmalca otaqdan çıxdı. Bir azdan özü də yatmaq istədi. Amma nədənsə yuxusu ərşə çəkilmişdi. Mətbəxdə oturaraq yarımçıq qalmış yun köynəyi toxumağa davam etdi. Hərdənbir xoruzlar banlayırdı. Sübh azanı eşidildi.
Qəflətən Mövlanın qışqırığından o, diksindi: – Gəlirəm, lap elə indi gəlirəm! Özümü çatdıracağam… Mütləq gələcəyəm!
Xanım cəld yerindən qalxaraq işığı yandırıb ərinə baxdı. O möhkəm tərləmişdi. Onu silkələyib çətinliklə ayılda bildi. Masanın üstündəki qrafindən stəkana su töküb verdi. Mövlan birnəfəsə içdi, işarə ilə ikinci dəfə istədi. Sonra cəld geyinməyə başladı. Xanım çaşıb qalmışdı. Mövlan masanın siyirməsindən maşının açarlarını alıb həyətə yüyürdü, mühərrikini işə saldı. Küçə qapısını açıb, yerindən tərpəndi. Xanım maşının arxasınca yüyürərək qışqırdı:
– A kişi, sənə nə oldu? Hara gedirsən? Nə vaxt qayıdacaqsan?
Mövlan cavab verəsi halda deyildi. O, sürəti artırdı.
Artıq kənd yolundan şoseyə çıxmışdı. Alnlndan süzülən tərini sildi. Gecə gördüyü yuxu beynində yenidən təkrarlanırdı. Dəlidağı alov bürümüşdü. Göyə od püskürürdü. Bu od – alovun içindən dağ əllərini ona tərəf uzadıb haray çıkirdi:
– Heyy… hardasınız? Məni tək qoymusunuz! Sizi nə qədər gözləmək olar?.. Mənə niyə sahib durmursunuz? Adımı da Dəli qoymusunuz! Kimdir dəli? Mən, yoxsa siz? Yoxx… yoxx  mən dəli deyiləm! Sizsiniz dəli! Öz adınızı mənə qoymusunuz! Mən vətən dağıyam, vətən dağı! Mən bu dərdə dözməzdim. Çoxdan çatlayardım, partlayardım.Sinəmdə əmanət yatır. Ey, Mövlan, hardasan ?! Niyə əmanətini unutmusan? Sən axı söz vermişdin!
Mövlan elə bil yuxudan oyandı. Yolu maşaınla davam etmək artıq təhlükəli idi. Maşını bir az aralıda uçub yandırılmış evin divarlarının arxasına sürüb elə yerdə saxladı ki, kənardan görünməsin. O, buraların hər daşına, kəsəyinə, ağacına bələd idi. Mümkün olan qədər yoluna davam etdi. Gündüz vaxtı işğal altında olan Dəlidağa qalxmaq təhlükəli idi. Odur ki, arxayın bir yer tapıb axşamın  düşməsini gözləməyə məcbur oldu.
Artıq hava qaralırdı. Mövlan yoluna davam etdi. Cığır onu Tərtər çayına çıxardı. Çayiçi gedəndən sonra daşlı – qayalı, kollu – koslu dərə ilə üzü yuxarı qalxmağa başladı.  Bir qədər sonra ona çox doğma olan Dikqayaya çatdı. Bu qaya mağaranı uzaqdan görünməz edirdi. Ürəyi şiddətlə döyünməyə başladı. Özündə təpər tapıb qayanın arxasındakı mağaraya çatdı, sürünə – sürünə içəri keçdi. Onu içəridə iki işıldayan göz qarşıladı. Yadına düşdü ki, elə ona görə də bu mağaraya qurd mağarası deyirlər. Xəyalı onu uzaqlara apardı…
… Bir aprel 1993 – cü il. Kəlbəcər uğrunda müxtəlif istiqamətlərdə şiddətli döyüşlər gedirdi. Dəlidağın ətəyində Mövlanın ayağına güllə dəydi. Yeriyə bilmədi. Ona cüssəli bir əsgər yanaşdı:
– Komandir, biz mühasirəyə düşürük!
O, cəld Mövlanın yarasını sarıdı. Sonra kürəyinə alıb dağın zirvəsinə tərəf süründü. Çətinliklə də olsa mağaraya çatdılar. Əsgər dilləndi:
– Komandir, girəcək dar olsa da içəri genişdir, – deyib, mağaraya girməsinə kömək etdi. Sonra Mövlanın da su qabını kəmərindən çıxarıb getdi. Xeyli vaxt keçdikdən sonra geri qayıtdı. Suyu birinci Mövlana içirtdi. Özü isə içmədi, onu qucaqladı:
– Qardaş, bağışla…səni tək qoyub gedirəm.
Mövlanın əli isti qana bulaşdı. Var gücü ilə əskəri silkələdi. Amma onun ürəyi susmuşdu. Mövlan bu müharibədə çox ölümlər görmüşdü. Amma beləsini yox.
Səhər açılırdı. Mövlan öz əlləri ilə dəfn etdiyi şəhid əsgərin qəbrinin önündən qalxaraq qürurla dedi:
– Qardaşım, Qarabağı azad edib səni Şəhidlər Xiyabanında dəfn edəcəyəm, – bir an düşünərək,- Yox…bağışla, səhv etdim. Bura da Vətən torpağıdır. Bu dağın adını Şəhid Dağı qoyacağıq!.
Hava qaralırdı. Mövlan şəhid əsgərin qəbirinin daşını – torpağını dəfələrlə öpüb geri baxa – baxa mağaradan çıxdı. Mağarada məskunlaşan boz qurd onu Tərtər çayına qədər müşayiət etdi.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma