Siqaret yandıran uşaq

20 Yanvar şəhidlərinə həsr edirəm.

Nahar fasiləsi idi. Tələsirdim. Üzümə gilavar dəydikcə rahat nəfəs alırdım. Çoxu xəzrini sevir. Mən isə gilavarı . Ciyər dolusu dərindən nəfəs aldım. İstəyirdim ki, bu havanı özümdə daha çox saxlayım. Mənə əlində siqaret tutmuş, təxminən yeddi-səkkiz yaşında olan bir uşaq   yaxınlaşdı. İstər-istəməz dayandım.

-Əmi, zəhmət olmasa bu siqareti yandır.

Bu sözdən əsəbləşərək soruşdum:

-Evinizi göstər.

-Buradır-deyərək  yaxınlıqda olan bir mərtəbəli, çox da hündür olmayan  evi göstərdi.

Qolundan tutub onunla birgə evə keçdim. Otağın havası ağır idi. Çarpayıda üstünə adyal örtülmüş bir nəfər uzanmışdı. Üzü mənə tanış gəldi. Harada gördüyümü yadıma salmağa çalışırdım. O dilləndi:

-Məhərrəm, sənsən?

Bu qəfil sualdan diksindim.

-Vüqar?!

Salamlaşmaq üçün əllərimi ona uzatdım. Əllərim cavabsız qaldı. Pərt olmuşdum. Nə edəcəyimi bilmirdim. Gözlərinə baxdım. Hər iki gözündə bir damcı göz yaşı donub qalmışdı. Əllərimi aşağı saldım. Bir müddət ikimiz də susduq. Sükutu Vüqar pozdu:

-Bu uşaq mənim nəvəmdir. Evdə kibrit qurtarıb. Siqareti yandırmaq  üçün mən göndərmişəm. Bu sözdən sonra uşağın əlindəki siqareti alıb yandıraraq ona tərəf uzatdım. Uşaq cəld əlimdən siqareti alıb Vüqarın dodaqlarına uzatdı. Bir neçə qullabdan sonra dodaqlarından ayırdı. Bu qayda ilə siqaret çəkilib qurtardı. Uşaq siqaretin kötüyünü atmaq üçün bayıra çıxdı.

-Havam çatışmır, üstümü aç. Heç bir söz demədən üstündən adyalı aldım. Sanki məni  ildırım vurdu. Əlimdə adyal heykələ döndüm. Dilim tutulmuşdu. Kipriklərim belə qırpılmırdı. Elə bil zamanın əqrəbi dayanmışdı.  Vüqar sözünə davam etdi:

-1990-cı ilin yanvar ayının 19-da saat 23-30-da mən də sərnişini olduğum Moskva-Bakı reysi ilə uçan təyyarə Bakı  hava limanına endi. Heç bir açıqlama verilmədən bütün sərnişinlər gözləmə zalında saxlanılıb buraxılmırdı. Qarmaqarışıqlıq yaranmışdı. Bundan istifadə edərək bayıra çıxa bildim. Cəld boş taksilərdən birinə oturdum.

-Qardaş,sür.

-Hara gedirik?

-Alatavaya.

-Göğrəsən, nə səbəbə sərnişinləri saxlayıblar? Bu vaxtadək belə şey olmayıb.

-Mən də heç nə başa düşmədim.

Yol boyu daha heç birimiz danışmadıq. Gəlib indiki 20 Yanvar dairəsinə çatdıq. Gözlərimə inanmadım. “Şamaxinka” tərəfdən tanklar, PDM-lər gəlirdi. Maşından düşdüm. Əsgərlər hara və kimə  gəldi  atəş açırdılar. Ətrafa baxdım. Hər tərəf ölü və yaralılarla dolu idi. Asfaltın üstündən qan arxı axırdı. Köməyə gələn təcili yardım maşınının üstündən tank keçərək asfalta yapışdırmışdı. Güclü xəzri küləyinin havaya qaldırdığı sarı-boz yarpaqlar əvəzinə qana bulaşmış  qıp-qırmızı yarpaqlar uçuşurdu. Onlardan biri alnıma yapışdı. Cəld əlimi alnıma apardım. Qana bulaşmış xan çinarı yarpağına və qanlı əlimə baxdıqca hiddətlənirdim. Avtomat, pulemyot, siqnal, sirena, tankların səsinə, insanların öz vətəndaşlarının qanına susamış  SSRİ ordusuna qarşı etiraz harayı qarışmışdı. O gecə heç kim ölümdən qorxmurdu. O gecə ölüm insanlardan qorxurdu. Sıradan bir tank ayrılıb bizə tərəf gəlməyə başladı.Başa düşdüm ki, taksinin üstündən keçəcək. Tez özümü tankın qabağına verdim.Tank dayandı. Əllərimin hər ikisini tanka dirəyib qışqırdım:20-yanvar1

-Nazad! Nazad, merzaves! (Geri! Geri, yaramaz!)

Üst lyuk açıldı. Ordan bir əsgər başını çıxardı:

-Poçemu ruqayeş? Ya je tvoy druq. (Niyə soyürsən? Mən ki, sənin dostunam.)

Və kinayə ilə gülməyə başladı. Qaranlıq olsa da onu səsindən tanıdım. O, bizim keçmiş qonşumuz Aşot idi. Onun kinayəli, iyrənc gülüşü indi də yadımdan çıxmır. Bu namərdlərdən nə desən gözləmək olar. Tank hərəkət etdi. Gözümü açanda özümü hərbi xəstəxanada gördüm.

Adyal əlimdən sürüşərək düşdü. Özümü güclə ələ alaraq- ” Vüqar,gələcəyəm” -deyərək onun üzünə belə baxmadan çölə çıxdım.Daha doğrusu baxmağa gücüm çatmadı. Çox uzağa gedə bilmədim. Çömbəlib oturaraq hər iki əlimlə üzümü tutub hönkür-hönkür ağlamağa başladım. Hiss etdim ki, saçlarımı kiçik, incə əllər tumarlayır.

-Əmi, ağlama. Mən babamla fəxr edirəm. O qəhrəmandır. Qəhrəman üçün də ağlayarlarmı?

Hönkürtüm daha da şiddətləndi. Bu sözləri deyən uşaq olsa da ürəyi böyük idi.

Yaddaşımdan heç vaxt siqaret yandıran uşaq və hər iki qolu dirsəkdən, hər iki ayağı isə dizindən amputasiya olunan 20 Yanvar qəhrəmanı silinməyəcək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma