İtmiş xurcun

Ramazan ayının  birinci günü idi .Səhər  açılırdı.Kənd yavaş-yavaş oyanırdı.  Xoruzlar da ilk banını banlayıb qurtarmışdı. Kəndin “zəngli saatı” olan Novruzun traktoru kənddən uzaqlaşdıqca səsi də  azalırdı. Bir neçə evdən bu səsə oyanmış uşaqların ağlamaq səsi, hərdən də itlərin tənbəl-tənbəl hürüşməsi eşidilirdi. Hər gün də belə təkrar olunurdu. Novruzun “zəngli saatı” xoruzlardan da qabaq işə düşürdü. Yəqin fikirləşəcəksiniz ki, uşaqların anaları indi Novruzu nəyi var söyür. Yox, onu söyməyə heç kimin dili gəlməzdi. O elə bir adam idi ki, hamının işinə yarıyırdı. Kimin evdə nəyi xarab olurdusa ona müraciət edirdi. Kəndin bütün  odununu da həmişə o, gətirərdi. Qısa sözlə,  bu kənd üçün lazımlı adam idi. “Zəngli  saat”  kənddə ən çox bir nəfərə lazım idi ki, o da Mahmud idi.  “Zəngli saat” işə düşən kimi, o da yerindən dik qalxardı.  Qısası, Mahmud da  kənddə ən lazımlı adamlardan  biri idi. O, Gəncəli kəndinin qoyun-quzusunu otarırdı.  Bu kəndə müharıbə dövründə  necə olubsa azaraq gəlmiş , bu kənddə də ilişib qalmışdı.Belə eşitmişik  ki, Qubanın hansısa dağ kəndindəndir.Özü barədə özü də heç nə bilmir. Bu  kəndə gələndən sonra nə onun qohumlarını axtarmışdılar, nə də ki, onun qohumları onu. Mahmud çox zəhmətkeş, həm də ürəyi açıq idi. İmkansız ailələrin qoyun-quzusunu otarsa da pul almazdı. Amma onun bir sirrini heç kim bilə bilmədi. Əslinə qalsa bunun heç kimə aidiyyatı yoxuydu. Bilməsəydilərdə  olardı.Ət yemirdi.Ən acığı gələn sual da    ondan ət yeməməsini səbəbini soruşmaq idi. Nə isə, onu danışdırsaydın danışardı, danışdırmasaydın yox. Nabələd adam elə bilərdi ki,Mahmud laldır.
            Sonaxanım da əri Mahmudu yola salmağa hazırlaşırdı. O,isə ləngiyirdi. Daha  gözləyə bilməyib  uzunqulağın yəhərini belinə qoyaraq bağlayıb, yüyənini də başına keçirib əlində tutub, gecələr də çox vaxt  açıq qalan  həyət darvazasından çölə çıxardı. Bir qədər də gözlədi. Gəlmədiyini görüb, yüyəni çəpərə sancıb qaqqıldaşan toyuq-cücəyə dən verməyə tələsdi. Həmişə deyir ki, toyuq-cücəyə vaxtlı-vaxtında dən vemək lazımdır. Yoxsa, ac toyuq sənin deyil. Handan-hana Mahmud gəlib çıxdı. Gördü ki,uzunqulaq var, Sonaxanım yoxdu.Təəcübləndi. Axı  həmişə  birinci onu yola salardı. Arabir  kəndin gah bir tərəfindən, gah da digər tərəfindən onu çağıranların səsi eşidilirdii:-“Mahmud, ay Mahmud”. O da onu çağıranlara ümumi hay verdi:-“Heyy-heyy”. Buna heç cavab da demək olmazdı.Amma onun “cavabını” hamı başa düşdü.Bu cavabdan sonra uzunqulağın yüyənini çəpərdən açıb yola düzəldi.  Mahmudun ikinci sirri də var idi.Həmişə qoyun-quzunu otarmağa uzunqulaqla getməsinə baxmayaraq bir dəfə də olsun onu uzunqulağa minən görən olmamışdı. Bunun da səbəbini bilən yox idi.Qoyun-quzu yavaş-yavaş kənddən aralanaraq üzü Qudyalçayın tuqay meşəsinə doğru səmt aldı. Çox qəribədir. Elə bil yayda bu qoyun-quzuya çoban lazım deyildi. Axşamçağı da elə özləri kəndə qayıdacaqdılar. Camaat da  zarafatca deyirdi ki, Mahmud sırkdə işləsəydi daha yaxşı olardı. Görün kəndin qoyun-quzusunu necə əhliləşdirib.
        Artıq günorta çağı idi. Saat ikiyə az qalmışdı.Qoyun-quzu  ağacların kölgəsində yatışmışdı. Mahmud oturduğu kötüyün üstündən duraraq uzunqulağa tərəf getdi. Əl atdı ki,xurcunu onun belindən götürüb, süfrə açıb, nahar etsin. Gördü ki, xurcun yoxdur.Öz-özünə deyinirdi:
    -Ay Sona, axı sən   həmişə xurcunu uzunqulağın belinə qoyardın. Ola bilməz ki,  xurcunu qoymasın.Görəsən bəs bu xurcun hara yoxa çıxdı? Onda necə olubsa yolda uzunqulağın belindən sürüşüb hardasa düşüb.
      Sonaxanım həmişə xurcuna günorta yeməyi, bir termos çay, bir də ki, bulaqdan su götürmək üçün cürdək qoyardı.   Mahmud  qoyun-quzuya nəzər saldı. Gördü ki, hamısı yatışıb.Fikirləşdi ki,əvvəl yaxınlıqdakı bulaqların birində əl-üzünə, boyun-boğazına su vurub, bir az da su  içib sərinləşərək sonra gəldiyi yolla geri qayıdıb itmiş xurcunu tapsın. Amma nə qədər axtardısa,  bir neçə bulaqdan heç birini tapa bilmədi. Elə bil bu meşədə yerli – dibli bulaq olmamışdı. Uzuqulağa tərəf getdi. Yüyənindən tutub özünə tərəf çəkdi. Uzunqulaq yerindən tərpənmədi. Nə qədər çalışsa da xeyri olmadı. Mahmud uzunqulaqla yol getməyə o qədər vərdiş etmişdi ki, hara gedirdisə uzunqulaqla gedirdi. Bütün kənd də buna alışmışdı. Mahmud, yanında da uzunqulaq. Uzunqulağın da yerindən tərpənmədiyini görüb hirslənərək uzunqulaqsız  gəldiyi yolla kəndə tərəf üz tutdu. Bir də gördü ki, darvazanın ağzındadı.
-Sona,ay Sona!
Mahmudun onu çağırdığıı eşidən Sonaxanımın ürəyi qopdu. Axı günorta vaxtı Mahmud heç vaxt evə gəlməzdi.”Allah, sən özün kömək ol” deyərək əlindəki  kətməni elə tərəvəzlikdə də yerə atıb, qaça-qaça özünü təngənəfəs darvazaya yetirdi.Təlaşla sual dolu gözlərini ona dikdi.
-Ay Sona , xurcun hanı?
Sonaxanımın ürəyi yerinə gəldi, məsələnin nə yerdə olduğunu  anladı. Dərindən ürək dolusu nəfəs alıb, tələsmədən üzündə təbəssüm dilləndi:
-Hansı xurcunu deyirsən ay “oruc” kişi?
Bu cavabdan Mahmud diksindi.Axı necə olub ki, oruc olduğu yadından çıxıb? O,ürəyində Allaha şükür edə-edə, geri qayıdırdı:
-Nə yaxşı ki, bulaqlardan heç birini tapa bilmədim.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma