Xoruz əhvalatı

     Xaçmazın Şollar kəndinə qonaq getmişdim.Bir neçə saatdan sonra qayıtmağı qərara aldım.Ev sahibi məni öz yaxınının maşını ilə yola saldı. Xaçmaza çatdıq. Evimiz dalanda yerləşdiyinə görə adətən maşınla gələndə küçənin başında düşürəm. Ona görə də sürücüdən xahiş etdim ki, saxlasın. Lakin o, mənim təkidimə baxmayıb maşını dalana sürüb düz evimizin qabağında saxladı. Mən onunla xudafisləşib  düşdüm. Həyətə  girmək istəyirdim ki,  məni səslədi:xoruz
     – Zəhmət olmasa,qardaş bir dəqiqə gözlə. Maşının yük yerini açıb ordan  ayaqları bağlı  bir xoruz çıxarıb mənə verdi:
    – Sənə pay veriblər.
    Bu hədiyyəni gözləmirdim. Xoruzu  alıb: “Sağ olsunlar”, deyib təşəkkürümü bildirdim. Həyətə keçdim. Ailəliklə hamımız xoruzun başına yuğışmışdıq .Xoruz qeyri-adi olmaqla , pipiyi iri və tac şəklində idi. Quyruğu uzun olsaydı ona xoruz yox ,tovuz quşu demək olardı.Oğlum Kamran bildirdi ki, bu xoruz çox nadir növdəndir.Aparıb bazarda satsaq ən aşağısı 100 manat verərlər.  Məndə cavab verdim ki, xoruzu  bizə  pay veriblər,  satmaq hörmətsizlik olar.Onu da deyim xoruz elə də böyük,nə də ətli-canlı idi. Həyətdə isə bu xoruzu saxlamaq üçün şərait yox idi. Kiçik bir yer düzəldib xoruzu ora buraxdıq. Bir neçə gün keçdi.Bacanağım bizə qonaq gəlmişdi. Pay verilən xoruzu ona göstərdik. Hiss etdim ki, xoşuna gəlib. Yola salarkən xoruzu ona verdim:
     – Bacanaq,bu xoruzu bağışladım sənə.
     Elə təzəcə evə girmişdim ki, telefona zəng gəldi.  Dəstəyi qaldırdım. Bacanağımgildən idi. Onu soruşurdular.Mən də, məndən çıxmayan iş,dedim:
     – Bacanağın qoltuğuna bir xoruz verib saldım yola, indi gəlib çatar.
    Bu cavabın üstündən heç  on dəqiqiə keçməmiş yenidən telefona zəng gəldi. Elə “Alo” deməyim oldu. Bu dəfə zəng edən bacanağın özü idi.  Bacanaq başladı, nə başladı. Ağzımı açmağa belə imkan vermədi:
     – O nə sözdür demisən?Xoruzunu verib qoltuğuna yola saldım…
     Qulaq asmaqdan başqa çarəm olmadı. Nəhayət, danışıb ürəyini boşaltdıqdan sonra susdu.
     O sakitləşəndən  sonra  dedim:
      – İndi mən gəlirəm  sizə. Mən sənin qoltuğuna bir xoruz vermişəm, sən də mənim qoltuğuma iki xoruz verib yola salarsan. Zarafat eləmişəm də, burda nə var ki?
     İnsafən bu sözümdən sonra bacanağım daha dillənmədi. Bu telefon danışığından sonra məni bir sual düşündürdü: Görəsən “qoltuğa xoruz vermək” ifadəsinin mənası nədir?
     Bir gün dostum Füzuli müəllim məni Xaçmazın Nərəcan kəndinə samavar çayı içməyə dəvət etmişdi.Sakitcə söhbət edə – edə çay içirdik. Birdən həyətdəki toyuqların arasında gəzişən bəzəkli   bir xoruz gözümə sataşdı.Yadıma bacanağımla aramızda olan əhvalat düşdü. Üzümü Füzuli məllimə çevirib  soruşdum:
      – Müəllim, bəlkə siz bilirsiniz,”qoltuğa xoruz vermək” məsələsinin mənası nə deməkdir?
      – Bilirəm , – deyərək danışmağa başladı:
      – Əvvəllər elçiliyə gedərkən özləri ilə yaraşıqlı bir xoruz aparardılar.Qız evi razılıq əlaməti olaraq xoruzu kəsib,bişirib süfrəyə gətirib elçilərlə birlikdə yeyirdilər. Razılıq olmayanda isə heç xoruzun ayaqlarını da açmayıb gələn elçılərlə qaytarırdılar. Maraqlananlar soruşanda qız evinin cavabı belə olardı: “Xoruzlarını verdik qoltuqlarına”.
     Təəssüf edirəm ki,bəzi adətlərimizlə bərabər belə gözəl adətimiz də unudulub.
P.S:  Belə xoruzun adı qırxpipikdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma