QƏRİBƏLİK

Bakıda “Neftçilər” klinikasında müayinədən keçdim. Təbii ki, müalicə üçün həkim resept yazdı. Yazılan dərmanlar alındı, amma birini ikinci gün idi  axtarırdıq. Dostum İlhamla görüşməyi qərara aldım. Bir neçə tanış apteklərə zəng etdik. Olmadı. Mənə məsləhət verdi ki, özünü çox yorma,  Nəsimi bazarının yuxarı hissəsində aptek çoxdur. Çətin tapılan 1417384053_aptekdərmanlar harada olmasa da orda olur . Elə onun avtomobili ilə  oraya gəldik.  Şəhəri pis tanımasam da heç fikir ferməmişdim. Doğrudan da  bu arada aptek çox idi.  Başladım bir-bir gəzməyə. Artıq haradasa  saat 3 radələri olmasına baxmayaraq dərmanı hələ də tapa bilməmişdim. Hiss etdim ki, möhkəm acmışam. Fikirləşdim , indi evə gedib nahar etdikdən  sonra axtararam . Yaxınlıqdakı avtobus dayanacağına tərəf addımladım. Gözümə  dayanacağın lap yaxınlığında yerləşən  bir aptek sataşdı. Bu aptekə də baxıb sonra getməyi qərara aldım. İçəri keçib resepti göstərdim. “Yox” cavabı aldım. Elə bu anda mobil telefonuma zəng gəldi. Oğlum Araz idi. Dərmanı soruşurdu. Dedim ki,-“tapmamışam”. O mənə  Azadlıq prospektində yerləşən  “Elnur” aptekinə baxmağı məsləhət gördü.  Onu da deyim ki, həmin gün bir aprel olduğu üçün elə hamıyla zarafatlaşa-zarafatlaşa danışırdım. Hələ də aptekin içində idim.Çölə çıxmamışdım. Aptekin təmizliyə baxan işçi  əlində ağ dəsmal şüşələri silirdi. Nə danışdığımı açıq-aşkar eşidirdi. Onun mənə arabir gözaltı baxaraq gülümsəməyi nəzərimdən qaçmadı. Mən də danışmağımda davam edirdim:

-Hə, lap yaxşı “Elnur” aptekini taparam. Bəlkə elə mən həmin aptekdəyəm.

Elə bu söz ağzımdan çıxan  kimi həmin qız az qaldı şaqqanaq çəkib gülsün. Bir əliylə tez gülməyini saxlamaq üçün ağzını tutdu. Telefonla danışığımı bitirib, üzümü həmin o  gülmsəyən qıza çevirərək soruşdum:

– Xanım qız, bilmirsiniz “Elnur” aptek haradadır?                                                          -“Elnur” aptek elə buradır- deyərək mənə gülə-gülə cavab verdi.                      Sözün düzü onun cavabına inanmadım. Fikirləşdim ki, bir aprel olduğu üçün  zarafat edir. “Sağ ol, xanım” deyərək  aptekdən gülə-gülə çölə çıxdım.  Azca aralandıqdan sonra özümdən asılı olmayaraq  dönüb aptekə tərəf baxdım. Gördüyüm  məni çox təəccübləndirdi. Həmin aptek doğrudan da “Elnur” aptek idi. Marşurut avtobusa minib evə getdim. Böyük oğlum Kamran da gəlib çıxmışdı. Nahar etdik. Dərmanı bir yerdə axtarmağı qərara aldıq. Piyada  gəzə-gəzə  gəlib çıxdıq idarəmizə. Lap yaxınlıqda kiçik bir aptek vardı. Onu da deyim ki, lazım olan dərmanın tapılmasına daha ümidim qalmamışdı. Oğlumla birgə inamsız olaraq həmin aptekə girdim. Özüm soruşmadım. Oğluma dedim ki, o soruşsun. O da resepti aptekin satıcısına göstərdi. Satıcının “varımızdır”  sözü mənə qəribə gəldi. İnanmadım. Dərmanı alıb baxdıq. Axtardığımız həmin dərman idi. Heç güman etməzdim ki,  lazım olan dərman bu aptekdə olar. Məni isə bir sual düşündürürdü:

-Niyə görə biz həmişə  özümüzə lazım olanı yaxınlığımızda deyil, uzaqlarda axtarırıq?

Bir şərh yazın