ZORƏN LİFTÇİ

Eldar əsgərliyini Rusiyada çəkib qurtardıqdan sonra kəndə qayıtmışdı. Lakin  özünə uyğun, ürəyinə yatan iş olmadığı üçün yenidən elə xidmət etdiyi şəhərə getməyi qərara aldı. Onun məhz xidmət etdiyi şəhərə getmək istəməsi bir mənalı qarşılanmadı. Hərə bir yerə yozdu. Hətta bəzi söz gəzdirənlər  anası Məryəmi də bədgüman etmişdilər. Anası ona hey  öyüd-nəsihət verirdi:

-Ay bala, kənddə olmasın Bakıda olsun,sənə bir iş tapılmayacaq? Qonşu qızı Əsmər də səndən küsüb.

Bildirdi ki,  oxumağa, həm də işləməyə gedir.  Amma xeyri olmadı ki, olmadı. Söhbətin üstünə kəndin ağsaqqalı, Eldarın atası  Məhəmməd gəlib çıxdı. Söhbətin məğzinin nədən getdiyini biləndən sonra gülməyə başladı. Onun  gülüşü Məryəmi əsəbləşdirdi.

-A kişi, mən nə hayda, sən nə hayda. Oğlun düz adamdırsa, o boyda Urusyətdə gərək elə həmin şəhərə gedə?

-Ay Məryəm,yəqin ki, həmin şəhərdə  tanış-bilişi çoxdu. Ona görə ora gedir.

Bu cavabdan sonra Məryəmi lap od götürdü:

-Bilirəm onun tanışı-bilişi kimlərdir. Elə oğlun da sənə oxşayıb. Nöyüt çıxarmağa gedirəm deyib düz on ildən sonra qayıtdın.

-Ay arvad, mən mühəndisəm, güya bilmirdin ki,  mən ora təyinatla getmişdim.

-Nə olsun, qəzaya düşməsəydin çətin gələrdin.

-Haqsız danışırsan? İki ilin məzuniyyətini götürüb, hələ üstəlik bilet də almışdım.

Eldar isə başını aşağı salıb xısın-xısın gülümsəyirdi. Əliylə  ağzını tutmuşdu ki, ata-anası onun gülməyini görməsin. Məhəmməd kişi gördü ki, yox bu söhbət çox uzanacaq. Odur ki, oğluna yanaşıb əlini kürəyinə qoydu.

-Oğul sənə inanıram. Bilirəm ki özünə orada yer-yurd edib, məzuniyyət alıb gələcək. Qayıdanda  isə burdan tək getməyəcək.

-A kişi, yaman üstü örtülü danışırsan. Səndən baş açmadım.

-Ay arvad, bütün kənd məni başa düşdü, bir səndən başqa. Yəni demək istəyirəm ki, Əsmərlə gedəcək.

…Bu söhbətdən 20 ildən yuxarı vaxt keçmişdi. İndi Eldarın iki qızı və iki oğul övladı vardı. Qızları oğlanlarından böyük idi.  Eldar bunları ürəyində götür-qoy edə-edə elə bil birdən qəfil yuxudan ayıldı.  Ani olaraq beynindən keçdi ki, artıq bəsdir qürbətdə qaldığımız, vətənə qayıtmaq vaxtıdır.Bakıda yaşayan qardaşına zəng etdi:

-Qardaş,  Bakıda beş otaqlı bir yaxşı mənzil tap, qiymətini öyrənib zəng et ev pulunu da, təmir pulunu da göndərim. Bakıya köçürəm.

-Qardaş, mən də   istəyirəm ki, qayıdasan. Ancaq yaşadığın şəhərdə böyük iş qurmusan.Niyə görə birdən-birə bu fikrə gəldin.

-Vətən üçün darıxmışam. Bir də ki, mütləq qayıtmalıyam.

Bir neçə aydan sonra Eldar ailəsi ilə birlikdə Bakıda 6-cı mikrorayonda 9 mərtəbəli binanın 9-cu mərtəbəsinə 5 otaqlı mənzilinə köçdü. İşləri yavaş-yavaş qaydasına düşürdü. Dostlarının köməkliyi ilə  şirkət qura bilmişdidi. Eldar çox mehriban, sadə, zarafatcıl və qılıqlı idi. Elə yaşadığı binanın sakinləri də sadə insanlar idi. Bu bina hansısa zavod tərəfindən tikilib işçilərinə verilmişdi.  Odur ki, sakinlərin əksəriyyəti  fəhlə idi.Həyat öz axarı ilə davam edirdi. O, hər şeydən razı idi, işindən də, qonşulardan da. Bir liftdən başqa. Elə bil lift onun qəsdinə durmuşdu. Tez-tez xarab olurdu. Hər dəfə “JEK”ə xəbər etsə də görürdü ki,əmələ gəlmir. Əlacsız qalıb  soraqlaşıb bir lift ustası tapdı. Lift xarab olan kimi zəng edib onu çağırırdı. Bir neçə dəfə də həyətdə sakinlərin yanında ustanı çağırmışdı. Hər dəfə lift xarab olanda onların qapısını döyüb xəbər edirdilər. Bu minvalla günlər keçirdi. Bir gün  bildirdi ki, on günlüyə kəndə ata-anasının yanına gedir. Lift elə bil Eldarı gözləyirmiş.Gedən kimi işləmədi.

“JEK” rəisini həyətdə binanın sakinləri dövrəyə almışdılar.Hamı öz şikayətini edirdi. Ən çox şikayət isə liftdən idi. Bildirdilər ki, liftə baxan işçiniz bu binada yaşayır. Neçə gündür ki, yoxdur. Neçə dəfə evlərindən soruşmuşuq, dedilər ki, kəndə gedib.

Mağazadan qayıdan Əsmər gördü ki, binanın qabağında camaat yığılıb. Maraq üçün o da keçib bir tərəfdə dayandı. Birdən kimsə dilləndi:

– Liftə baxanın yoldaşı burdadır.

Rəis soruşdu?

-Yoldaşınız hardadır?

-Kəndə gedib.

-Nə vaxt gələcək?

-Bilmirəm.

Rəis qeyd dəftərini açıb soruşdu:

-Yoldaşınızın adı və soy adı.

-Eldar Əliyev.

Rəis qeyd dəftərini örtüb sərt səslə:

-Ona deyərsiniz ki, gələn kimi yanıma gəlsin.

Bir neçə gündən sonra Eldar kənddən qayıtdı. Evdə ona dedilər ki, bəs səni “JEK”-in rəisi təcili çağırır. Səhəri günü  “JEK”-ə getdi. Katibə onu xeyli gözlədəndən sonra,  rəisin qəbuluna düşə bildi. İçəri keçib ,  əlini uzadaraq özünü təqdim etdi:

-Eldar Əliyev.

Əli uzana qaldı. Rəis onun nə salamını aldı, nə də ki,oturmağa yer göstərdi. Necə deyərlər bir başa döşəməyə başladı, nə başladı:

-Bu  intizamsızlıqdır, özbaşnalıqdır, bütün bina səndən şikayətçidir…

Neçə dəfə istədi ki, bir söz desin. Lakin rəis onun bir söz belə deməsinə imkan vermirdi. Çıxış yolunun olmadığını görüb  susmağa üstünlük verdi. Nəhayət, rəis axırıncı sözünü dedi:

-Get, işinlə məşğul ol. Bir də səndən şikayət eşitməyim.

-Rəis.

-Nə rəis, hələ dilin də var danışmağa?

-Rəis.

-Sən, deyəsən, mən deyənləri başa düşmədin?

-Rəis, sən deyənləri başa düşdüm.Amma sən məni başa düşmədin.

-Bu necə danışıqdı mənimlə danışırsan? Necə yəni mən səni başa düşmədim?Nəyi başa düşmədim?

Səsə-küyə xeyli adam yığılmışdı. Hec kimin də cınqırı belə çıxmırdı. Hamı susub bu mübahisənin sonunu gözləyirdi.

-Rəis, onu demək istəyirəm ki..

-Nəyi demək istəyirsən? De də, de!

-Onu demək istəyirəm ki, mən Sizin işçiniz deyiləm.

Cavab belə gözləmədən  rəisin kabinetindən çıxdı. Amma onun qulağına cavab əvəzinə sual gəldi:

-Nə?

Kimi kresloya söykənərək çətinliklə nəfəs alan rəisin tərini silir, kimi yelpikləyir, kimisi də su dalınca qaçmışdı. Küçədən təcili yardım maşınının sirena səsi eşidildi.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma